Bakıda cərimə meydançasında baş verən yanğının səbəbləri açıqlandı

Bakıda cərimə meydançasında baş verən yanğının səbəbləri açıqlanıb.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, ilkin ehtimallara görə, yanğına səbəb cərimə meydançasının kənarından keçən elektrik naqillərinin güclü külək nəticəsində cərimə meydançasındakı avtomobillərin üzərinə düşməsi olub.

Əliyev qeyd edib ki, xəsarət alan avtomobillər 5-10 ildir cərimə meydançasında qalan, istifadəyə yararsız avtomobillər olub: "Onlar qəzaya uğramış, əzilmiş avtomobillərdir. Sahiblərinə dəfələrlə xəbərdarlıq edilsə də, onlar avtomobillərini cərimə meydançasından aparmayıblar.

Şöbə rəisi deyib ki, cərimə meydançasından kənarda dayanan cəmi bir yeni avtomobilə zərər dəyib.

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə Trend-ə bildirib ki, hadisə nəticəsində cərimə meydançasından kənarda qalmış, bir neçə il bundan qabaq yol qəzasına uğramış, sahibləri tərəfindən atılmış, istismara tam yararsız halda olan 40-a yaxın avtomobil yanıb.

Əsədov da həmin avtomobillərin sahiblərinə dəfələrlə müvafiq müraciətlər edildiyini deyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb. Məlumatda qeyd olunur ki, ərazidə olan qalan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri