Azərbaycana ərəb ölkələrindən və Rusiyadan gələn turistlərin sayı artıb
- 05.07.2016, 12:56,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son illərdə Azərbaycana iki əsas istiqamət üzrə - ərəb ölkələrindən və Rusiyadan gələn turistlərin sayı artıb.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Azərbaycana gələn turistlərin sayının getdikcə artacağının gözlənildiyini deyən M.Ağakərimov bunun əsas səbəbini ölkədə vəziyyətin təhlükəsiz olması, turistlərin təhlükəsizliyinin təmin olunması ilə izah edib: “Həm ötən il, həm də bu il Azərbaycanın daxili turizmində artım hiss olunur. Bunun əsas səbəblərindən biri dünyada baş verən terror hadisələridir. Azərbaycanda ictimai-siyasi vəziyyət stabil olduğundan, eyni zamanda turistlər üçün təhlükəsiz ölkə olduğundan turistlərin çoxu buraya üz tutur. Azərbaycanda multikultural dəyərlərin yüksək olması turistlərin ölkəmizə marağını artırır. Bundan əlavə, Azərbaycanın daxilində də daxili turizm inkişaf edir”.
M.Ağakərimov hesab edir ki, son illərdə Azərbaycana ərəb ölkələrindən gələn turistlərin sayı artdığı üçün hazırda AzTA nəzdindəki Bakı Ekskursuiya Bürosu ərəb dili üzrə bələdçilərin hazırlanması istiqamətində işlər aparılır.
Onun sözlərinə görə, yeni açılan Bakı Ekskursiya Bürosu artıq əcnəbi turistlər üçün 150 ekskursiya keçirib: "Bu ekskursiyalar da əsasən Rusiyadan və ərəb ölkələrindən gələn turistlər üçün təşkil olunub. Ekskursiyalar əsasən, Bakıya- İçərişəhərə, Qobustana, Atəşgaha, Abşeron qalalarına, eləcə də Şəki-Qəbələ bölgəsinə turlar təşkil olunub. Bu turlar ingilis, rus dilində keçirilib".
AzTA sədrinin müşaviri əlavə edib ki, turistlər regionlardan daha çox şimal-şərq və şimal-qərb zonalarında, yəni Quba-Xaçmaz və Qəbələ-Şəki bölgələrində dincəlməyə üstünlük verirlər.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16.1% artım baş verib. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliyindən bu ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər olub. 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olub. Ötən ilin may ayı ilə müqayisədə (99 nəfər) 2016-cı ilin may ayında (3000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb.
Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də ötən illə müqayisədə Azərbaycana bu il daha çox turistin gələcəyinin gözlənildiyini söyləyib. Nazirlik Körfəz ölkələrindən Azərbaycana turist axınının artmasını gözlədiklərini açıqlayıb.
Rusiyanın "travel.ru" saytının məlumatına görə, Azərbaycan 2016-cı ildə MDB ölkələri arasında rus turistlərin istirahət etmək üçün ən çox seçdikləri ölkədir. Ötən il Azərbaycan 2 milyon turist qəbul edib ki, onların da 685 mini Rusiyadandır.