Təhsil Nazirliyi TQDK-nın rəylərinə cavab verdi: "Bu iraddan kommunist ideologiyasının qoxusu gəlir"
- 09.07.2016, 19:41,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Respublikanın ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 4-cü sinif dərslik komplektlərinə dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) hazırladığı yekun rəylərə Təhsil Nazirliyi tərəfindən rəsmi cavab göndərilib.
Trend-in məlumatına görə, iradların çoxu qəbul edilməyib, bəzilərinə isə elə iradla da cavab verilib.
TQDK-nın “Dərslik "Azərbaycan dili" adlansa da, məzmunu bilavasitə "Oxu" məzmun xəttinə uyğundur. Bunun səbəbi, fıkrimizcə, 3-cü sinif dərsliyində dilin sisteminin həddindən çox verilməsi ilə bağlıdır. Dil materialları uşaqların yaş xüsusiyyətləri nəzərə alınmadan, əsasən, 3-cü sinif dərsliyində verildiyindən, 4-cü sinif dərsliyində əlavə məlumat verməyə, demək olar, material qalmayıb. Eləcə də təqdim olunmuş dil qaydalarının mətnlərlə bağlı olmaması "Azərbaycan dili" fənninin əsas məqsədinin reallaşmamasına gətirib çıxarıb” iradına cavab olaraq bildirilib: “Dilçiliyə yaraşmayan ifadələr (dilin sisteminin həddindən çox verilməsi - ?), əsassız iradlar irəli sürməkdənsə, rəyçilər hər bir sinif üçün kurikulumda təsbit olunmuş dil qaydaları ilə bağlı hansı standartların dərslikdə reallaşmadığını və ya kurikulumda öz əksini tapmamış hansı standarta dərslikdə yer verildiyini deməli idilər. Bunu isə deyə bilməzlər, çünki dərslikdə hər bir material kurikuluma uyğundur”.
TQDK-nın “4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilmişdir. Mətnlərə aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq bacarıqlarına çevrilməsi yoxdur” iradı heç bir konkret faktla əsaslandırılmamış irad hesab edilib: “Dərslikdə "lazımsız qayda" yoxdur. Bütün qaydalar məzmun standartlarına uyğundur və müvafıq mətnlə bağlıdır”.
TQDK-nın “Dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanunun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb” iradına cavabda isə qeyd edilib ki, son illərin bütün dövlət sərəncamlarında böyük bəstəkarın soyadı "Hacıbəyov" yox, "Hacıbəyli" gedir. Heç bir mənbədə dövlət himni "Azərbaycan marşı" kimi qeyd olunmur."
TQDK-nın ”Dərslikdə tez-tez pulla bağlı humanistlik mövzusuna müraciət olunur. Maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil” iradına cavab olaraq bunlar bildirilib: “Bu iraddan kommunist ideologiyasının qoxusu gəlir. "Maddiyyat" həyatımızın bir hissəsidir və "şəxsiyyətyönümlü" adlandırdığımız təhsil tələb edir ki, şagirdin bu barədə də məlumatı olsun”.
Ümumilikdə “Azərbaycan dili” dərsliyi üzrə cəmi 72 tənqidi xarakterli qeyd verilib, onlardan 9-u qəbul edilib. Qəbul edilən iradlar isə əsasən, qrammatik yönümlü olub.
4-cü sinif “Riyaziyyat” fənni üzrə TQDK-ya daxil olmuş yekun rəydə iradlar demək olar ki, qəbul edilməyib.
TQDK-nın “Göründüyü kimi, 4-cü sinif riyaziyyat proqramındakı 49 standartdan 20-si, yəni 40 faizdən çoxu dərslikdə ya tamam, ya da normal şəkildə əksini tapmayıb. Halbuki 20 yox, bircə standartın kənarda qalması yetərli idi ki, Dərslikləri Qiymətləndirmə Şurası onu geri qaytarsın” iradına cavab olaraq bildirilib ki, 20 standartın formalaşdırılmadığı barədə qeyd edilən bütün iradlar əsassızdır. 4-cü sinif riyaziyyat fənni üzrə yeni təhsil proqramında (kurikulum) yer almış bütün məzmun standartları dərslikdə öz əksini tapıb:
“Yekun rəydə irəli sürülən fikirlər hər bir məzmun standartına uyğun şagird bacarıqlarının ekspertlər tərəflndən düzgün qiymətləndirilməməsindən irəli gəlir. Bir çox hallarda isə dərslik komplektində yer almış uyğun tapşırıqların nəzərə alınmaması təəccüb doğurur. Bu tapşırıqları dərsliyi vərəqləyən hər bir şəxs görə bilər”.
4-cü siniflər üçün 2011-ci ildə nəşr olunmuş "İnformatika" fənni dərslik komplekti üzrə TQDK-nın monitorinqinin yekun nəticəsinə müəlliflərin münasibətində iradlar da qəbul edilməyib. TQDK-nın “Dərslik komplekti tələb olunan məzmun standartlarını tam formalaşdırmağa imkan vermir” iradına cavab olaraq qeyd edilib: “Rəyçilərin bu fikri yalnız ilin sonunda böyük summativ qiymətləndirmə ilə təsdiq və ya təkzib oluna bilər. Biz isə bu fikri söyləyən rəyçinin ibtidai siniflərlə sıx əlaqəsinin olduğuna şübhə edirik”.
“Həyat bilgisi” ilə bağlı TQDK-nın “Dərsliyin forzas səhifəsində Dövlət Himni "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 1992-ci il 27 may tarixli Qanunun tələblərinə uyğun çap olunmayıb. Himnin adı ("Azərbaycan marşı") ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Komplekt rəsmi dövlət sənədlərinə - tədris planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin subyektiv mülahizələrinə əsaslandığına görə, standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri praktiki cəhətdən formalaşdırmaq qeyri-mümkündür” yekun rəyinə cavab olaraq, bildirilib ki, kurikulum üzrə hazırlanmış dərsliklərdə forzas yoxdur.
Rəydə daha sonra bildirilir: “Sizin forzas adlandırdığınız kitab cildin 2-ci səhifəsidir. Gerbin təsvirinə gəldikdə isə onun çapı tam tələblər səviyyəsində icra olunub. Azərbaycan Respublikasının Dövlət Himninin adının ixtisar olunmasına gəlincə, qeyd etməyi lazım bilirik ki, "Azərbaycan marşı" Dövlət Himni kimi təsdiq olunduqdan sonra rəsmi olaraq "Azərbaycan marşı" deyil, "Azərbaycan Respublikasının Dövlət Himni" adlanır. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək istərdik ki, "Həyat bilgisi - 4" dərslik komplekti tam fənn kurikulumuna əsasən hazırlanıb. Dərslikdə və müəllim üçün metodik vəsaitdə, iş dəftərində təqdim edilən məlumat, suallar və tapşırıqlar sistemli şəkildə şagirdlərdə standartlarda təsbit olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri praktiki cəhətdən formalaşdırmağa tam imkan yaradır və yalnız rəydə göstərilən bəzi redaktə və korrektura xətaları nəzərə alınmalıdır”.