Ankara Cümhuriyyət Baş Prokurorluğu: “Fətullahçı Terror Təşkilatı ABŞ-ın əmrindədir”

“Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən istifadə edilir, terror təşkilatı Türkiyə Silahlı Qüvvələrində ciddi kadr bazası yaradıb”
Bakı-APA. Ankara Cümhuriyyət Baş Prokurorluğunun Fətullahçı Terror Təşkilatı (FETO) ilə bağlı hazırladığı iddianamənin detalları məlum olub.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, iddianamədə bir nömrəli şübhəli qismində Fətullah Gülən olmaqla, 73 nəfərin adı yer alıb, onlar haqqında cinayət işi açılıb .

Terror təşkilatının ABŞ-ın əmrində olduğu və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən istifadə edildiyi qeyd olunub. İddianamədə bildirilir ki, FETO üçün əsas prioritet Türkiyə Silahlı Qüvvələridir. Terror təşkilatı Türkiyə Silahlı Qüvvələrində ciddi kadr bazası yaradıb, ordu nizam-intizamını pozacaq və ölkənin müdafiəsini zəiflədəcək bir səviyyəyə çatıb. İddianamədə vurğulanıb ki, son illər demək olar ki, FETO üzvü olmayan heç kim hərbi məktəblərə daxil ola bilməyib. İmtahan sualları öncədən əldə edilməklə terror təşkilatına itaət və təhsil səviyyəsinə görə FETO üzvlərinə hərbi rütbələr verilib. Hərbi hakimlər və hərbi pilotlara təzyiq göstərilib, peşəkar pilotların əksəriyyəti Türkiyə Silahlı Qüvvələrindən çıxarılaraq mülki aviaşirkətlərdə işləməyə məcbur edilib. Hərbi Hava Qüvvələrinə bu təşkilatdan olmayan və ya bu təşkilata boyun əyməyən hərbi pilot buraxılmamağa çalışılıb: “Türkiyə Silahlı Qüvvələrinin general və admiral səviyyəsində rəhbərliyi hələ FETO üzvləri deyillər, ancaq yaşlıdırlar və bir neçə il sonra istefaya çıxacaqlar. Bu general və admiralları əvəzləyəcəyi gözlənilən hərbçilər isə FETO-ya bağlıdırlar”.

İddianamədə FETO-nun Türkiyə Silahlı Qüvvələrindəki “imam”ının da adı yer alıb. Türkiyə Silahlı Qüvvələri üzrə imam əvvəllər Hamdullah Bayram Öztürk olub, daha sonra bu vəzifə Ali Bayrama həvalə olunub. Gülhanə Hərbi Tibb Akademiyası (GATA) “imam”ı isə Rıdvan Akovalıdır.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin əmək və sosial təminat naziri Süleyman Soylu hərbi çevriliş cəhdinin arxasında ABŞ-ın durduğunu bəyan edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri