Maliyyə naziri: «Azərbaycanda icbari tibbi sığortanın tətbiqi vaxtı çatıb»

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin vaxtı çatıb.


APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.



Onun sözlərinə görə, bununla bağlı müvafiq qanunvericilik bazası artıq yaradılıb: «Hesab edirəm ki, biz artıq o mərhələyə çatırıq ki, tibbi sığortanı gündəlik həyatımızda tətbiq etməyə başlaya bilərik».



Nazir bildirib ki, son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın səhiyyə infrastrukturu yenilənib: «Xəstəxanalar, poliklinikalar, ambulatoriya və s. obyektlərin maddi-texniki vəziyyəti köklü şəkildə dəyişib. Əksər xəstəxanalar, əksər səhiyyə müəssisələrinin inzibati binaları yenidən qurulub və ya yenidən tikilib, onlar müasir avadanlıqla təchiz edilib».



S.Şərifov qeyd edib ki, Azərbaycandan həkimlərin xaricə təcrübə mübadiləsi üçün göndərilməsi, xaricdən Azərbaycana səhiyyə mütəxəssislərinin dəvət olunması artıb: «Bir sözlə, bu sahədə müsbət irəliləyişləri artıq görürük. Müəyyən problemlər də var – onsuz olmur, amma hazırda biz bu sahəyə sığorta prinsiplərinin daha aktiv şəkildə tətbiq edilməsi prosesinə başlaya bilərik».

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri