Çempionlar Liqası: "Qarabağ"-"Viktoriya" matçında hesab açılmayıb

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. APA-nın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" mərhələnin ilk oyununa Çexiyada çıxıb.

"Ağ-göylər" Plzendə yerli "Viktoriya"nın qonağı olub. Meydan sahibləri matçın böyük hissəsi ərzində üstünlüyə malik olsalar da ağdamlıların müdafiə səddini yara bilməyib.

Matçın 75-ci dəqiqəsində isə plzenlilər meydanda azlıqda qalıb. Rəqibin qırmızı vərəqəsindən sonra “Qarabağ” topa nəzarəti ələ alıb. Lakin komandaların səylərinə baxmayaraq hesab açılmayıb.

Bununla da Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin səfər matçından qolsuz sülhlə dönüb. Bunu bacaran ilk Azərbaycan klubu olan Qurban Qurbanovun yetirmələri cavab matçı öncəsi pley-off şanslarını qoruyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 2-də Bakıda keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
26 iyul

"Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” (Ağdam, Azərbaycan) - 0:0
Qırmızı vərəqə: Yan Baranek, 75
Baş hakim: Aleksandar Stavrev
Şərhlər
İdman bölməsinin xəbərləri