Azyaşlıların binalardan yıxılıb ölməsi zamanı hansı maddə ilə cinayət işi başlanmalıdır?

Son vaxtlarda yaşayış binalarından azyaşlıların yıxılaraq ölməsi hüquq-mühafizə orqanlarını hərəkətə gətirib. Bu cür hadisələrin qarşısının alınması, valideynlərin azyaşlılara nəzarətini gücləndirməsi ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq uşaq ölümləri ilə nəticələnən bədbəxt hadisələrlə bağlı birgə məlumat da yayıb.

Birgə məlumatda qeyd olunur ki, son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı səbəbindən azyaşlı övladlarının nəzarətsiz olmaları nəticəsində yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.

Belə ki, mayın 12-də paytaxtın Nizami rayonunda 3 yaşlı İsa Vəliyevin, mayın 28-də 3 yaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda 2 yaşlı İmran Quliyevin, iyulun 3-də 5 yaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda 2 yaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri faktları qeydə alınıb.

Aidiyyəti rayon prokurorluğu və polis orqanları əməkdaşları tərəfindən hadisə yerlərinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Qeyd olunan faktlar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işləri başlanıb və istintaq aparılır.

Hər iki qurum məlumatda ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edib.

Məsələyə münasibət bildirən tanınmış hüquq müdafiəçisi İradə Cavadova Trend-ə açıqlamasında hüquq-mühafizə orqanları əməkdaşlarının bu addımını valideynlərin azyaşlı uşaqlara nəzarətdə məsuliyyətinin artırılmasına yönələn tədbir kimi qiymətləndirsə də, prosesdə digər anlaşılmazlığın da olduğunu deyib. Onun sözlərinə görə, baş verən hər hansı bir ölüm hadisəsi baş verdiyi vaxt fakt üzrə cinayət işinin başlanması qanunidir və zəruridir: "Bu prosesdə cinayət işinin açılması hökməndir. Fakta görə cinayət işi başlanır, sonradan hadisədə cinayət tərkibi olmayanda işə xitam verilir. Ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işinin açılması isə əsasən valideynlərə yönələn bir addımdır. Bəlkə də hüquq-mühafizə orqanlarının bu maddə ilə cinayət işini başlamaqda məqsədi uşaq ölümlərinin qarşısını almaqdır. Əslində valideynlər bu prosesdə uşağın həyatına səhlənkar yanaşmamalı, eyvanları, pəncərələri açıq qoymamalı, təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Bu maddə ilə cinayət işinin başlanması günahkar şəxslərin 3 ilədək azadlıqdan məhrum edilməsini nəzərdə tutur".

İ.Cavadova məsələ ilə bağlı bu maddə ilə cinayət işinin başlanmasının əleyhinə olduğunu deyir. Onun sözlərinə görə, bu proses birbaşa valideynin və ya azyaşlıya cavabdeh olan şəxsin ehtiyatsızlıqdan adam öldürməsi demək deyil: "Məsələn, əgər valideyn eyvanda uşaqla oynayarkən əlindən düşüb ölərsə, bu prosesdə həmin maddə ilə cinayət işi başlamaq olar. Amma valideyn mətbəxdə və ya evdə hər hansısa bir işlə məşğul olarkən uşaq eyvana və ya pəncərəyə çıxıb, yıxılıb ölürsə, bunu valideynin ehtiyatsızlıqdan adam öldürdüyü kimi qiymətləndirmək düzgün deyil. Əgər hansısa iki nəfər mübahisə edirlərsə, biri o birini itələyib yıxarkən ölürsə, həmin faktla bağlı bu maddə ilə cinayət işi başlana bilər. Zənnimcə, bu prosesdə anlaşılmazlıq var".

İ.Cavadova deyir ki, eytiyatsızlıqdan adam öldürmə və eytiyatsızlıqdan adam ölümünə səbəb olma müxtəlif məsələlərdir. Adam öldürmə ifadəsi artıq cinayət niyyətini göstərmiş olur ki, bir çox hallarda bəzi hüquq-mühafizə orqanları bundan rahat sui-istifadə edə bilirlər: "Hesab edirəm ki, Cinayət Məcəlləsinin 124-cü maddəsində düzəliş edilməlidir. Buna görə də hüquq-mühafizə orqanları rəhbərləri bu prosesdə diqqətli olmalıdır".
Şərhlər
Sosial bölməsinin xəbərləri