Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü başa çatıb, yekun Bəyannamə imzalanıb
- 09.08.2016, 12:06,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya-İran-Azərbaycan arasında üçtərəfli format bölgədə sabitlik üçün mühüm faktordur. Biz həm ölkələrimizi qoruyacağıq, həm də regionda əməkdaşlığı dərinləşdirəcəyik”.
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə deyib.
“Gələcəkdə siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq və bu əlaqələr daha da güclənməlidir. İqtisadi potensialın artırılması istiqamətində müxtəlif tədbirlər görüləcək, nəqliyyat, energetika sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Bu imkanlar hər üç ölkənin səyi ilə yaranır, başqa ölkələr də gələcəkdə bu layihələrə qoşulacaq. Əminəm ki, görüşlərimiz davam edəcək, bundan sonrakı əməkdaşlığımız daha da genişlənəcək", - deyə prezident İlham Əliyev bildirib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan və İran Rusiya üçün mehriban qonşu və vacib tərəfdaşdır: “Biz əlaqələrimizdə yeni səhifə açırıq. Bu formatın vacibliyi aydın idi. Ölkələrimizin sərhədləri yaxınlığında Əfqanıstan, Yaxın Şərq yerləşir. Bunlar qeyri-stabil, qaynar nöqtələrdir və burada İŞİD və digər beynəlxalq terror təşkilatları fəaliyyət göstərir. Bunlar bizə real təhlükədir və ölkələrimizin daha sıx əməkdaşlığını tələb edir. Biz terror təşkilatlarının fəaliyyəti barədə informasiya mübadiləsini vacib hesab edirik.
Həmçinin bu format Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması baxımından vacibdir. Konvensiyanın imzalanması bütün 5 ölkənin maraqlarına xidmət edir.
Bu formatın “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaranması, energetika, neft, qaz yataqlarının işlənməsi baxımından da vacib olduğunu qeyd etməliyəm. Mədəniyyət, turizm, gənclər və təhsil sahələrində əməkdaşlığa da böyük diqqət ayırmaq lazımdır. Bu format gələcəkdə də qarşılıqlı faydalı xarakter daşıyacaq və ölkələrimizi maraqlarına xidmət edir. Bu formatda əməkdaşlıq Xəzər regionunun dinamik inkişafına töhfə verəcək. Rusiya birgə aktiv işə hazırdır”.
İran prezidenti Həsən Ruhani də bu formatda görüşlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. O qeyd edib ki, İran xarici siyasət prinsiplərinə uyğun olaraq qonşuları ilə münasibətlərin inkişafına önəm verir: “Bu kimi üçtərəfli format, İran Azərbaycan və Rusiya arasında bu münasibətlər fikir mübadiləsinə, ortaq mənafelərin meydana çıxmasına imkan yaradır. İran bu ideyanı dəyərləndirir. Belə bir formatın yaranması regionun hazırkı durumunda üç ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir. Ölkələrimiz ortaq geosiyasi mövqeyə malikdir, eyni fürsətlər və təhdidlərlə qarşılaşır. Bu təhdidlər müştərək anlaşmanı daha da vacib edir. İran hesab edir ki, dünyanın indiki vəziyyətində bir ölkə müxtəlif təhdidlərə qarşı təkbaşına mübarizə aparmağı bacarmayacaq. Hər ölkənin rifahı üçün əməkdaşlığın olması vacibdir. İranın xarici siyasəti başqa ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq, qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurmağa əsaslanır. Bu sahədə danışıqların faydalı olduğunu hesab edirik”.
Sonda prezidentlərin görüşünə dair yekun Bəyannamə imzalanıb. Bununla da, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başa çatıb.
***
Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başlayıb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan İlham Əliyev, İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının prezidenti Vladimir Putin iştirak edirlər. Görüşdə “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Həmçinin bir sıra regional məsələlərə toxunulacaq.
Prezident İlham Əliyev görüşdə çıxış edir.