Azərbaycan idmançıları 18 medal qazanıblar-YEKUN

Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları başa çatıb.

APA-nın məlumatına görə, 17 gün davam edən Olimpiadada Azərbaycan 56 idmançı ilə təmsil olunub.

Millimiz Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, London-2012-də göstərdiyi nəticəni yeniləyib. Qeyd edək ki, ötən Olimpiadada millimiz 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazanıb.


Bu dəfə yeganə qızıl medalı- taekvondoçu Radik İsayev (+80 kq) qazanıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucovla Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində məğlub olublar və gümüş medal qazanıblar .

Taekvondoçu Patimat Abakarov, Milad Beiqi Harçeqani, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Kaneo və kayakda İnna Osipenko-Radomskaya isə bürünc medal qazanıb.

Olimpiadada Azərbaycan təmsilçiləri arasında komanda olaraq ən yaxşı nəticəni taekvondoçular göstəriblər. Yarışa 4 idmançı ilə yollanan millimiz 3 medal qazanıb ki, bu da 75% effektivlik deməkdi. Radik İsayevin liderlik etdiyi yığmamız bir çox ilklərə imza atıb.

Belə ki, taekvondoçularımız bu Olimpiadada ilk dəfə tam heyətlə iştirak edib. Həmçinin qadın idmançımız Patimat Abakarova (bürünc) komandaya ilk Olimpiya medalını qazanıb. Kişilər arasında ilk Olimpiya medalını isə Milad Beiqi Harçeqani (bürünc) qazanıb. Həm taekvondo yığmamızın, həm də Olimpiya heyətimizin yeganə qızıl medalını isə Radik İsayev qazanıb.

Boks yarışlarında da Azərbaycan idmançıları ilk dəfə Olimpiadada final döyüşü keçiriblər. Lorenzo Sotomayor gümüş medal qazanmaqla, daha bir ilkə imza atıb.

Braziliyaya 14 idmançı ilə yollamış güləş yığmamız isə gümüş və bürünc olmaqla 9 medal qazana bilib.

Azərbaycan idmançıları Olimpiada tarixində ilk dəfə avarçəkmə idman növündə də medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Olimpiadanın qızıl medalını qazanmış taekvondoçu Radik İsayevə zəng edərək, onu təbrik edib.
Şərhlər
İdman bölməsinin xəbərləri