Herman van Rompuy: Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll edilmədən Cənubi Qafqazda sabitlik ola bilməz
- 21.06.2013, 18:19,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqı hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə nizamlanmadan Cənubi Qafqazda sabitlik əldə oluna bilməz. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy cümə günü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Van Rompuyun bəyanatı Avropa İttifaqı Şurasının rəsmi internet səhifəsində yerləşdirilib.
Van Rompuy bildirib: "Aİ hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunmadan Cənubi Qafqazda sabitlik əldə oluna bilməz və buna görə də biz ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəkləməkdə davam edirik".
Rompuyun sözlərinə görə, İlham Əliyevlə görüş çərçivəsində regional və beynəlxalq məsələlər müzakirə edilib və Azərbaycan Prezidentinin ideya və təklifləri onu maraqlandırıb.
Rompuy bildirib: "Mən bu həftə Lox-Ern şəhərində baş tutan və mənim də iştirak etdiyim "Böyük səkkizlik" (G8) ölkələrinin görüşü zamanı Misk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatına öz dəstəyimi bildirdim".
Aİ Şurasının prezidenti bildirib ki, Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinin rəhbərlərini, xüsusilə də güc tətbiq etməmə və ya güc tətbiqi təhlükəsi, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratını təyin etmə hüququ prinsipləri daxil olmaqla, Helsinki prinsiplərinə bir daha sadiq olduqlarını təsdiqləməyə çağırıblar.
O vurğulayıb ki, onlar regionda gərginliyi artıran və münaqişənin eskalasiyasına səbəb ola biləcək istənilən tədbir və ritorikalardan çəkinməyə çağırıblar: "Mən, o cümlədən münaqişə tərəfləri arasında artan uzaqlığın aradan qaldırılmasına istiqamətlənən mövcud tədbirlərin genişləndirilməsinə hazır olduğumuzu təsdiq etdim".