Prezident İlham Əliyev: “Azərbaycanın təsdiqlənmiş 2 trilyon kubmetrdən çox qaz ehtiyatı var”

Azərbaycan prezidenti İlham Əliyev bu gün Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşüb.


APA-nın verdiyi məlumata görə, danışıqların yekununu dəyərləndirən Joze Manuel Barrozu görüşün “çox açıq, konstruktiv və dostluq atmosferində” keçdiyini deyib.



Görüşdə tərəflər energetika məsələlərini, Cənub qaz dəhlizini reallaşdırılması məsələsini müzakirə ediblər: “Azərbaycan Avropa Birliyi üçün çox mühüm tərəfdaşdır” – deyə, Joze Manuel Barrozu bildirib.



O qeyd edib ki, Azərbaycan prezidenti ölkəsinin Avropaya qaz nəqli layihəsinə dair seçimini gələn həftə edəcəyini bir daha təsdiqləyib: “Bu, “Şahdəniz” konsorsiumu üçün kommersiya qərarıdır, lakin qeyd etmək istərdim ki, hər iki marşrut Avropa bazarına enerji nəqlinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan qazının nəqlinə dair layihələrin reallaşması hər iki tərəfə sərfəlidir. Layihə 2019-cu ilə kimi Avropaya 10 milyard kubmetr qazın çatdırılmasına imkan verəcək. Biz bununla dayanmayacağıq. Cənub dəhlizi Avropanın qaza olan tələbatının 10 faizindən çoxunu ödəyə biləcək və enerji təhlükəsizliyinə, stabilliyə, yeni iş yerlərinin açılması məqsədinə xidmət edəcək”.



Joze Manuel Barrozu görüşdə Azərbaycanın gələn il Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, ölkədə keçiriləcək prezident seçkiləri, Cənubi Qafqaz regionunda vəziyyət barədə fikir mübadiləsi apardıqlarını deyib.



Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli nizamlanmasına tərəfdar olduqlarını bildirən Barrozu Avropa Birliyinin bu istiqamətdə ATƏT-in Minsk Qrupunun göstərdiyi səyləri dəstəklədiyini deyib.



Prezident İlham Əliyev isə öz növbəsində bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır: “Çünki bu münaqişə nəticəsində Azərbaycan torpaqları bu gün də işğal altındadır“.



Azərbaycan-AB əməkdaşlığından danışan prezident bildirib ki, energetika sahəsində əməkdaşlıq bu münasibətlərin tərkib hissəsidir. O, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrouz ilə bundan əvvəl imzaladıqları Cənub qaz dəhlizinin inkişafına dair Birgə Bəyannaməni xatırladıb: “Ümidvaram ki, Avropaya nəql olunan Azərbaycan qazının həcmi “Şahdəniz”lə bağlı iki layihə ilə məhdudlaşmayacaq. Çünki Azərbaycanın təsdiq olunmuş 2 trilyon kubmetrdən çox qaz ehtiyatı var və Avropa Azərbaycan qazı üçün əsas bazara çevriləcək”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri