Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsi üzrə dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin “Şahdəniz-2” üzrə vitse-prezidenti Yuan Dramond “Şahdəniz” layihəsi ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verdilər. Bildirildi ki, indiyədək layihənin icrası dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində uğurla davam edib. Hazırda mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti də daxil olmaqla, işlərin 77 faizi tamamlanıb. Layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək. Qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.

Sonra Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basdı.

Bu dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105 metrdir. Blok 12 hasilat, 3 ixrac dikborusundan və bir idxal dikborusundan ibarətdir. Dayaq bloku suyun 94 metr dərinliyində quraşdırılacaq. Blok “BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumları tərəfindən inşa edilib. Tikinti işləri iki il davam edib. Bu dayaq bloku Xəzərdə ən çox dikboru sayına malikdir. Blokun konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi və payalarla quraşdırılması işləri diqqətlə planlaşdırılıb. Bu işlərin təxminən 40 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Dayaq blokunun tikintisi cədvələ uyğun tamamlanıb və 2016-cı il iyulun 29-da dənizə yola salınmaq üçün uğurla Bakı dərin özüllər zavodunun yanalma körpüsündəki daşıma barjına yüklənib. Blok zavod ərazisində yerli infrastrukturdan və obyektlərdən istifadə edilməklə, bütövlüklə ölkə daxilində inşa edilib. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla, 1200 nəfərdən çox işçi cəlb edilib. Tikintiyə cəlb olunmuş işçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub.

Onu da deyək ki, ilk dəfə olaraq “Şahdəniz-2” platformalarının tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. Tikinti işləri beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda və “Amec-Tekfen-Azfen” tikinti-quraşdırma sahəsində həyata keçirilib. Xəzərdə ən böyük dayaq bloklarından biri olan “Şahdəniz-2” dayaq blokları yerli şirkət olan “BOS Shelf”in üzv olduğu konsorsium tərəfindən Bakı dərin özüllər zavodunda inşa edilir. “Şahdəniz-2” və “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi” layihələrinin əsas töhfələrindən biri tikinti fazası ərzində minlərlə iş yerinin açılmasıdır. Bu vaxtadək Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 min nəfərdən artıq insan cəlb edilib və onların 80 faizdən çoxu Azərbaycan vətəndaşı olub.

Sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşdü.
Şərhlər
Siyasət bölməsinin xəbərləri