Kür və Arazda biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.


ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının I öngünlüyünə nisbətən 42 m3/san azalaraq 248 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. İyun ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə fenollar 2, mis birləşmələri 3, Bəhramtəpədə isə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.44-6.12 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Şərhlər
Sosial bölməsinin xəbərləri