ABŞ-da ərə gedən Günel: "Evdə kamera yerləşdirmişəm"
- 07.09.2016, 10:18,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Live.az teleaparıcı Günel Hümbətovanın qafqazinfo-ya müsahibəsini təqdim edir.
- Artıq yay mövsümünü başa vurduq. İstirahətiniz necə keçdi?
- İstirahətim yaxşı oldu, demək olar ki, yay fəslindən bezmişəm, sərin havaların tez gəlməyini istəyirəm. Ən sevdiyim fəsil payızdır. Bu yay mənim üçün yadda qalan oldu, qızıma ad günü keçirdim. Ailə üzvlərim, dostlarım və doğmalarımın əhatəsində qeyd etdik. Daha sonra ailəvi istirahətə yollandıq.
- Fəslə görə ruh halınız dəyişir? Adətən əksər məşhurlar yeni fəslə keçid zamanı depressiyaya düşürlər.
- Yox, əksinə payız fəslində xoşbəxt oluram. Ancaq yaz, yay sindromları var. Mən isə tutqun havanı sevirəm. Psixoloqlar da araşdırıb, insanların payız fəslində depressiyaya düşməyinin səbəblərini açıqlayıblar. Çünki, insanlar özlərini tənha hiss edirlər. Hər kəs iş başına keçir, təhsilini davam etdirir. Yayın çılğınlığı, günəşlənmə kimi şeylər növbəti fəsildə olmur. Ancaq payızda günlər qısalır, gecələr uzanır. Belə bir məqamlar da ola bilər.
- Hər bir xanım fərqli xarakterin sahibəsidir. Sizdə necədir?
- Mən sevməyi sevirəm, təkcə əks cinsin nümayəndələrindən söhbət getmir. Buna insanlar, uşaqlar və başqa şeyləri misal çəkə bilərəm. Mənim daxilimdə böyük bir sevgi var. Uşaqlıqdan da sevgi əhatəsində böyümüşəm. Belə ailədə doğulduğum üçün bəxtim gətirib. Depressiyaya düşən deyiləm, depressiv saatlar və dəqiqələr ola bilər, ancaq günlərə çevirilmir. Tez pozitivliyimi bərpa edirəm.
- Yeni mövsümə necə hazırlaşırsız? Efirə yenidən qayıdacaqsız?
- Sonuncu dəfə AVTO FM-də çalışırdım. Çox yaxşı komandamız var idi. Oranın ilk DJ aparıcısı özüm olmuşam. Oranı da bağladılar, daha doğrusu, adını dəyişdilər. Artıq AVTO radio kimi fəaliyyət göstərəcək, yeni direktoru Cavid Nemətzadə seçilib, onu da təbrik edirəm. Amma bundan sonra planımda heç bir şey yoxdur.
- Bir müddətdir ki, Bakıda yaşayırsız. Bəs evliliyiniz arzuladığınız kimidir?
- Həyatınla bağlı beynində nə fikirləşirsənsə, xəyal edirsənsə, real həyatında öz əksini tapmağa başlayır. İnsan pozitiv şəkildə nəyi düşünürsə, o da həyata keçir. Düşünürəm ki, neqativ düşünən də neqativ hadisələrlə rastlaşa bilər. Mən həyat yoldaşımı necə təsəvvür etmişdimsə, elə biri qarşıma çıxıb.
Firuzu, həyat yoldaşımı tanıyanda inanın ki, şoka düşdüm. Mənim beynimdə qurduğum bir şəxs idi. Bir müddətlik ABŞ-a təhsil almağa getmişdim. Həmin ərəfədə tanış olduq. Azərbaycanlı dostlarımın dəstəyi ilə balaca yığıncaq keçirilmişdi. Həmin yığıncaqda onunla tanış oldum, daha sonra münasibətimizi davam etdirdik. Tez-tez görüşdük, vaxtaşırı danışmağa başladıq.
Qəribə hisslər keçirməyə başladım, əmin oldum ki, həmin insan mənim fikrimdə tutduğum şəxsdir. Onun davranışları, düşüncəsi, tərbiyəsi çox xoşuma gəldi. Elə o anda düşündüm ki, ailə quracağım şəxs belə insan olmalıdır. Bakıya qayıdırdım, məni yola salmağa gəlmişdi. Çox pis olmuşdum, dolmuşdum. Düşündüm ki, ABŞ-da qalan platonik bir sevgi yaşayacam. Mənə elə gəlirdi ki, onunla yaşadıqlarım Amerikada qalacaq.
Amma belə olmadı, davam etdi. Mən Bakıya gələndə dostlarıma danışmağa başladım, deyirdim ki, artıq sevirəm. Onlar mənə dedilər ki, ay Günel, unudacaqsan. Çox qısa müddət ərzində həyat yoldaşım Bakıya gəldi. İşləri, təhsili ilə bağlı bir neçə gün qala bildi. Valideynlərimlə tanış oldu. Daha sonra ABŞ-a qayıtdı. Başa düşdük ki, biz bir-birimiz üçün yaranmışıq, bizi bağlayan qəribə hisslər var. ABŞ-a getdim, orada təhslimi artırmaq niyyətində idim.
- Toy niyə Bakıda yox, ABŞ-da baş tutdu?
- Yeni ildə Firuzla Las-Veqasa getdik. Orada gözlənilməz şəkildə evlilik təklifi etdi. Tam mənim gözlədiyim kimi bir toy oldu. Bir neçə nəfər dostumuz bizi tək qoymadı. Mən hər şeyi ən axıra saxlayan bir insanam. Planlaşdırmaq mənlik deyil. Bir neçə saatın içində gəlinlik axtardım və makiyaj edən şəxslər tapdım. Nikah bağladıq, ailə həyatı qurduq. Çox xoşbəxtəm...
- Ailə qurduqdan sonra bir çox insanların həyatında dəyişikliklər olur. Sizdə necə?
- Daha çox müdrikləşmişəm, əvvəl çox çılğın idim, indi isə anayam. Atdığım hər addımımda övladımı və həyat yoldaşımı düşünürəm. Düzdür, hər zaman addımlarıma diqqət etmişəm, ailə üzvlərimi düşünmüşəm. Ancaq evləndikdən sonra bir çox şeylər dəyişdi. Əvvəllər hər şeyə daha çox əsəbiləşirdim, indi isə səbirli xanım olmuşam, xüsusilə övladıma qarşı...
- Adətən xanımlar öz adət-ənənələrinə uyğun şəkildə ailə həyatı qurmaq istəyir. Buna anaları da şamil etmək olar, onlar da öz qızlarını bu cür gəlin köçürmək arzusunda olurlar.
- Bizim gözəl adət-ənənələrimiz var. Amma bir çoxları adət-ənənə civarından çıxıblar. Mən bunun pis olduğunu demirəm. Ancaq toyu, ailə səadətini biznesə çevirməklərinin tərəfdarı deyiləm. Toyu gəlir mənbəyi kimi görənlərə haqq qazandırmıram. Elə bil əvəz əvəzdir. Filankəsin toyuna nə salıblarsa, o da qaytarıb həmin məclisə gəlir, eyni məbləği salır. Toylar bunun üzərində qurulur. Mən də ikinci dəfə Bakıda toy etməyə gərək duymadım.
Dostlarımın, tanışlarımın toylarında iştirak etmişəm. Hələ də getməyə davam edirəm. Qohumlarımız da Firuzla tanış olmaq istəyirdi həmin tanışlıq isə qızımın ad günündə baş tutdu. Ancaq bu o demək deyil ki, özümə 500 nəfərlik toy edim, hələ bir onları da çağırım? Toya biznes kimi baxmıram. Anam da məni gəlinliklə evdən köçürmək istəyərdi. Düzdü, ABŞ-dakı toyuma müəyyən səbəblərə görə gələ bilmədi. Planlaşdırılmamış toy idi, heç də peşman deyiləm. Şükürlər olsun ki, belə bir ailəm var, indi düzdü, aramızda məsafələr var. Tez-tez Azərbaycana gəlir, bu isə bizim sevgimizi daha da gücləndirir.
- Aralarında sərhəd olan cütlüklərdə müəyyən problem yaranır. Şou-biznes təcrübəsində də belə bir şeylərə rast gəlmək olur. Məsələn, Sevda Ələkbərzadəni misal çəkə bilərik, sərhədlər evliliyin bitməsi ilə nəticələndi.
- Belə bir deyim var. Uzaq məsafələr böyük sevgiləri daha da gücləndirir, kiçik sevgiləri isə məhv edir, söndürür. Yəqin ki, mənim sevgim güclüdür. Rəfiqələrim, ətrafımdakı insanlar da şahiddir ki, bizi xüsusi hisslər bağlayır. Sevgidən əlavə ülvi bir hiss, doğmalıq var. Elə bil ki, körpəlikdən bir arada yaşamışıq.
- Həyat yoldaşınız Firuz Soliyev əslən özbək-tacik, hazırda isə ABŞ vətəndaşıdır. Əlbəttə, iki fərqli ənənə, mədəniyyətlər münasibətlərə müəyyən qədər təsir edir.
- Onun atası tacikdir. Mədəniyyətlərdə o qədər fərq yoxdur. Azərbaycan və Özbəkistan keçmiş SSRİ ölkəsidi, türk mənşəli dövlətlərdi. Onun anası çox dindardı, başını bağlayır, ibadətini edir. Həyat yoldaşımın ailəsiylə daim əlaqədəyik, danışırıq. Xırda adətlər də belə oxşarlıq var. Eynilik çoxdu, fərq ümumiyyətlə yoxdur.
- Evli cütlüklər adətən övlad dünyaya gətirməyi ikinci plana atırlar. Ailə qurandan bir neçə il sonra övlad barədə düşünürlər.
- O da planlaşdırılmamışdı. Öyrəndim ki, ana olacam. Çoxuşaqlı ailədən xoşum gəlir. Ancaq hər qadının iradəsindən asılıdır. Onları düzgün tərbiyə vermək, yaxşı vətəndaş böyütmək üçün özünə əmin olmalısan. Yenə də deyirəm, plan qurmağı sevirəm.
- Əgər bilsəz ki, həyat yoldaşınız sizə xəyanət edir, onda reaksiyanız necə olar?
- Bu haqda heç vaxt fikirləşməmişəm. Amma o, mənə, mən də ona inanıram. Bilmirəm, qarışıq məsələdir. Bəli, Azərbaycan qadını fədakardır. Xanımlar öz həyatını ailəsinə, övladlarına qurban verə bilər. Demək olar ki, xanımların 99 faizi belədir. Firuza xüsusi bir güvənim var. Düzdü, insanlar heç bir şeydən xüsusi olaraq sığortalanmayıb. Həyatda hər şey ola bilər.
- Qızınızı amerikalı hesab edə bilərik. Yəqin ki, o, bir müddət sonra sizinlə birgə ABŞ-da yaşayacaq. Onu Azərbaycan adət-ənənələrinə uyğun şəkildə böyüdəcəksiz?
- Mənim rəfiqəm Günel Musəvi belə bir paylaşım etmişdi, onunla bir neçə dəfə bu məsələni də müzakirə etmişik. O yazmışdı ki, mən qızımla Azərbaycan dilində danışacam, mədəniyyətimizi aşılayacm. Onunla tamamən razıyam. Düzdü, Firuzla rus dilində bir-birimizlə danışırıq. Bəzən qızımla rus dilində ünsiyyət qururuq. Ancaq onu ana dilimizdə əzizləyirəm, bu dildə nəvaziş göstərirəm. Biz özümüz vətənpərvər ruhda böyümüşük. Yəqin ki, bilirsiz atam şəhid olub. Anam bizi belə böyüdüb. Baxmayaraq ki, qızım amerikalı, atası özbək və anası azərbaycanlıdır. Yenə də, ana tərəfdən öz vəzifə borcumu yerinə yetirəcəm. Qoy anasının vətənini tanısın.
- Adını niyə Josefina qoyduz? Niyə milli ad qoymadız?
- Düşündüm ki, qızım Amerikada yaşayacaq. İstəmədim ki, orada kompleks yaşasın. Onlar mənim adımı belə düzgün tələffüz edə bilmirlər. Josefina adından xoşum gəlirdi, Napoleonun xanımının adı da Jozefinadır. Çox istərdim ki, ona yüksək səviyyədə tərbiyə verim. Onun dünya görüşünün yüksək olmasını istəyirəm. Hər tərəfli bir qız olsun, yaradıcı keyfiyyətlərini ortaya çıxaracam. Çox valideynlər övladlarının yaradıcı keyfiyyətlərini kəşf edə bilmirlər. Uşağın hansı sahəyə həvəsi varsa, o həvəsi də boğurlar.
Övladımın seçimlərinə qarışmayacam, azad bir övlad böyüdəcəm. Ona görə də bütün sahələrlə onu tanış edəcəm ki, seçim edə bilsin. Təəssüflər olsun ki, valideynlər övladlarını özləri üçün dünyaya gətirirlər. Hətta, öz peşələrində övladlarını görürlər. Mən isə ona məhdudiyyətlər qoymayacam. Özünü tapmaq məsələsi çox vacibdir. İnsanlar var ki, özünü 30-35 yaşında belə tapa bilmir. Uşaqlıqdan onları düzgün istiqamətləndirə bilmirlər, özlərini boşluqda hiss edirlər. Mənim anam bizi yüksək səviyyədə böyüdüb, özümüzü azad hiss etdirmək üçün əlindən gələni edib.
- Sosial şəbəkələrdə aktiv olan bir xanımsız. Ailə qurduqdan, ana olduqdan sonra şərhlərdə nə kimi dəyişiklər olub? Məsələn, bir qədər açıq geyinəndə mənfi rəylərə rast gəlmək mümkündür? Adətən bizim ana olan məşhurlar geyimlərinə həssaslıqla yanaşırlar.
- Tənqidə açıq bir insanam. Amma istənilən insan elə tənqidlər olur ki, bəyənmir, xoşu gəlmir. Mənə də mənfi rəylər olur, ancaq az yazırlar. Artıq geyimlərimə diqqət edirəm, lazımsız paylaşımlar etmirəm. Halbuki, belə şeylərə normal baxıram. Kimə yaraşırsa, geyinə bilərlər. Ancaq çalışıram ki, dedi-qodulardan uzaq gəzim. Hazırda saytlar, sosial şəbəkələrlə məsafəliyəm. Əvvəl hər gün paylaşım edirdim. İndi vaxtım yoxdu, övlad böyüdürəm. Baxmayaraq ki, qızımın dayəsi var, amma daim nəzarətdə saxlayıram.
- Xanımlar dayəyə etibar etmirlər, bəzən onları övladlarına belə qısqanırlar. Siz bu haqda nə düşünürsüz?
- Məndə qısqanclıq yoxdur. Mən öz övladıma məhəbbətimi göstərirəm. Uşaq bilir ki, dayə kimdi, anası kimdi? Qızım dayəsini çox istəyir, artıq ailəmizin bir üzvüdür. Ancaq dayə problemi həmişə olur. Bir neçə dəfə dayə dəyişmişəm. Kimisi yalan danışır, kimisinin şəxsi keyfiyyətləri xoşuma gəlmir. Hər insanı evinin içinə buraxmaq olmur. Evdə kamera yerləşdirmişəm, övladıma nəzarət edirəm. Evdə olmadığım müddətdə ona baxıram.
- Siz ABŞ-a gedən zaman ilk təəccübləndiyiniz şey nə oldu?
- Adətən bizə xarici insanların sərbəst olmağı barədə təəssürat yaranmışdı. Guya onlarda ailə dəyəri yoxdu, ailə münasibətləri sıfıra bərabərdir. İnanın ki, ilk dəfə təhsil alan zaman amerikalı ailə ilə birgə qaldım. 5 uşaqlı bir ailə idi. O ailəni görəndə çox təəccübləndim. Çox mədəni ailə idi, böyük və kiçiyə hörmət, öz aralarındakı dialoq məni təəccübləndirdi, uşaqlara bir şəxsiyyət kimi yanaşırdılar. Heç də danışıldığı kimi bir ölkə deyildi.
- Sizi neçə ildir ki, eyni formada görürük. Saç düzümü və rəngdə də dəyişiklik yoxdur. Bezməmisiz?
- Öz saçlarımdı, heç bir əlavə yoxdur. İnsanlarda dəyişiklik olunmağını yüksək qiymətləndirirəm, ancaq mən belə çox xoşbəxtəm. Saçım ağarana kimi heç bir rəng qoymayacam. Qadın hər zaman baxımlı olmalıdır.
- 17-18 yaşlarında müsabiqələrə qatılmısız, müğənni kimi fəaliyyət göstərməyə çalışmısız. Dinləyicilər belə keyfiyyətli musiqi seçimində çətinlik çəkirlər. Özünüz indi kimləri dinləyirsiz?
- Musiqisiz, mahnısız mənim günüm keçmir. Elə ona görə də özümü radioda daha çox xoşbəxt hiss edirəm. Müxtəlif janrlı mahnılar dinləyirəm. Daha çox Sade, Adel kimi müğənnilərə qulaq asıram. Mən evdə yemək yeyən zaman mahnılar dinləyirəm. Məsələn, şam yeməyində caz dinləyirəm. Səhər yeməyində isə xüsusi mahnılara qulaq asıram. Alim Qasımov, Rast qrupunun ifalarını çox bəyənirəm. Qızım da ritmləri tuta bilir, rəqs etməyə başlayır.