Herman Van Rompuy: «Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll edilmədən Cənubi Qafqazda sabitliyə nail oluna bilməz»

Herman Van Rompuy: «Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll edilmədən Cənubi Qafqazda sabitliyə nail oluna bilməz» «Bu gün biz səmimi, geniş və konstruktiv müzakirələr apardıq. Bu müzakirələr Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran sahələri və eyni zamanda, münasibətlərimizin inkişafını əhatə etdi». Bu fikri Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuat üçün səsləndirdiyi bəyanatda işlədib.

Herman Van Rompuy görüşdə digər mövzularla yanaşı, enerji məsələsinin də müzakirə edildiyini bildirib: «Mən hər iki tərəf üçün vacib strateji layihə olan “Cənub” qaz dəhlizində əldə edilən əhəmiyyətli nailiyyətlərlə bağlı razılığımı bildirdim. Bu işə rəhbərliyinə görə prezident Əliyevə təşəkkür etdim. Daha geniş şəkildə desəm, mən təsdiq etdim ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır, biz enerji sahəsində birgə çalışaraq, böyük nailiyyətlər əldə etmişik. Amma biz daha çox iş görə bilərik».

Avropa İttifaqı Şurasının prezidenti «Azərbaycan ilə demokratik və müştərək dəyərlər, xüsusilə insan hüquqları və fundamental azadlıqlar sahəsində uzunmüddətli və köklü əməkdaşlıqda qəti niyyətli» olduğunu vurğulayıb.

Herman Van Rompuy həmçinin 2013-cü ildə reallaşdırılacaq əsas tədbirləri nəzərdən keçirilərək qiymətləndirildiyini bəyan edib: «Bunlardan biri əlbəttə ki, prezident seçkiləridir. Avropa İttifaqı ümid edir ki, bu seçkilər yüksək standartlara uyğun keçiriləcəkdir. Biz, həmçinin Şərq tərəfdaşlığındakı irəliləyişləri nəzərdən keçirdik və mən Assosiativ Müqaviləyə əsaslanan yeni münasibətlərin qurulması ilə bağlı güclü niyyətimi bildirdim. Nəhayət, biz regional və beynəlxalq məsələləri müzakirə etdik. Bu müzakirələr zamanı Prezidentin fikirləri və perspektivlər mənim marağıma səbəb oldu. Gözlədiyiniz kimi, mən vurğuladım ki, Avropa İttifaqı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll edilmədən Cənubi Qafqazda sabitliyə nail oluna bilməz və biz ATƏT-in Minsk qrupunun vasitəçilik cəhdlərini dəstəkləməkdə davam edirik.

Mən həftənin əvvəlində Laf Erndə iştirak etdiyim “Böyük Səkkizlik”in sammitində Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdikləri bəyanatları dəstəklədiyimi bildirdim. Minsk qrupu ölkələrinin prezidentləri tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusilə də güc tətbiq etməməyə, güc təhlükəsinin olmamasına, ərazi bütövlüyünə, bərabər hüquqlara və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə qayıtmağa çağırırlar. Onlar regionda gərginliyin artmasına və münaqişənin irəliləməsinə gətirib çıxara biləcək istənilən fəaliyyətdən qaçmağa çağırırlar. Mən, həmçinin münaqişə tərəfləri arasında olan uçurumu aradan qaldırmağa yönəlmiş hazırkı tədbirləri genişləndirmək niyyətimi bir daha bildirdim».

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşı olduğunu bildirən Herman Van Rompuy «uzunmüddətli öhdəliyin Assosiativ Müqavilə üzrə danışıqları tamamlamağa yönəlmiş işlər vasitəsilə bu münasibətləri daha da möhkəmləndirmək» olduğunu qeyd edib. «Assosiativ Müqavilə ilə bizim münasibətlərimiz potensialını tam şəkildə reallaşdıra bilər», deyə o yekunlaşdırıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri