Prezident İlham Əliyev: «Xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyünə zidd olmamılıdır»

Prezident İlham Əliyev: «Xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyünə zidd olmamılıdır» «Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq arzusundadır. Avropaya nə qədər yaxın olsaq bir o qədər inkişaf, demokratik inkişaf üçün imkanlarımız çox olar. Biz bu sahədə əməkdaşlığa görə Avropa təsisatlarına olduqca minnətdarıq. Hesab edirəm ki, demokratikləşmə, insan hüquqları kimi sahələrdə inkişaf Azərbaycana öz siyasi islahatlarını ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirməsində yardım edir. Biz birmənalı olaraq bu sahələrdə əməkdaşlığı davam etdirəcəyik ». Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşdən sonra mətbuat üçün səsləndirdiyi bəyanatda bu fikirləri işlədib.

Prezident İlham Əliyev görüşdə xüsusi olaraq regional sabitlik və təhlükəsizlik, münaqişənin həlli məsələsinin müzakirə olunduğunu bildirib: «Biz ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin verdiyi bəyanatı yüksək dəyərləndiririk. Biz onlara minnətdarıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini gündəliyin əsas hissəsində saxlayırlar və onlar “səkkizlər” qrupu kimi mötəbər forumundan öz münasibətini və narahatlığını bildirmək üçün istifadə etdilər. Biz onların münaqişənin mümkün qədər tez həllinə nail olmaq üçün bütün lazımi addımların atılmasına dair verdikləri şərhləri tam dəstəkləyirik.
Helsinki Yekun Aktına edilən istinad çox vacibdir. Helsinki Yekun Aktı məsələnin hansı prinsiplər əsasında həllini açıq şəkildə müəyyən edir. Xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyünə zidd olmalı deyildir. Ermənistana gəldikdə, onlar artıq müqəddəratını təyin ediblər və Ermənistan dövləti artıq mövcuddur. Erməni xalqının ikinci dəfə öz müqəddəratını Azərbaycan ərazisində təyin etməsi qəbuledilməzdir. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi əsasında mümkün qədər tez həllində maraqlıdır».

Dövlət başçısı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində artıq Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunduğunu bildirib: «Sonuncu görüşümüzdən sonra bu sahədə də çox müsbət irəliləyiş olub. TANAP layihəsinin elan edilməsi “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq. Ümidvarıq ki, bu yaxınlarda qəbul olunacaq qərarlar Avropanın enerji xəritəsini tamamilə dəyişəcək belə bir mühüm enerji layihəsinin həyata keçirilməsi üçün əlavə şəraitlər yaradacaqdır. Bu halda bütün tərəflər udur. Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcək. Avropa isə uzun müddət, onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaq. Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də “Cənub” qaz dəhlizinin yaradıldığı bir vaxtda atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir».

Prezident Əliyevin fikrincə, Azərbaycan regionda daha çox sabitləşdirici rol oynayır: «Ümidvarıq ki, gələn illər ərzində biz bir çox müsbət dəyişiklikləri görəcəyik. Mən inanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq davam edəcəkdir. Siz qeyd etdiyiniz kimi, bu münasibətlər yaxşıdır. Biz bu yaxşı münasibətləri daha da yaxşılaşdırıb onları əla etmək üçün birgə işləməliyik».
Şərhlər
Siyasət bölməsinin xəbərləri