İtaliyada Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Romanın “Fontana Di Trevi” konqres mərkəzində İtaliyanın şərqşünaslıq üzrə aparıcı elm-tədqiqat qurumları olan C.A.Nallino adına Şərqşünaslıq İnstitutu və Neapol Şərqşünaslıq Universitetinin təşkilatçılığı ilə “Ədəbiyyat əlaqələri üzrə Avropa-Azərbaycan görüşləri” başlığı altında silsilə tədbirlər sırasında ilk tədbir olmuş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi olan Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Konfransdan əvvəl Almaniya, Azərbaycan, Fransa və İtaliyadan olan alimlər və Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin nümayəndələri Nizami Gəncəvinin xatirəsinə Romanın “Villa Borqeze” parkında ucaldılmış abidəsini ziyarət edərək onun önünə əklil qoyublar.

Konfransı C.A.Nallino adına Şərqşünaslıq İnstitutunun vitse-prezidenti professor Massimo Papa açıb.

Tədbirin əvvəlində Neapol Şərqşünaslıq Universitetinin Azərbaycan ədəbiyyatı üzrə tanınmış eksperti professor Mikele Bernardini çıxış edərək Universitetin rektoru xanım Lida Viqanoninin adından konfransın iştirakçılarını salamlayıb.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru millət vəkili Rafael Hüseynov, AMEA Əlyazmalar İnstitutunun Tərcümə və İnformasiya şöbəsinin müdiri professor Fərid Ələkbərli, Strasburq Milli Kitabxanasının direktor müavini Kristof Didye, Venesiyadakı Ka Foskari Universitetinin professoru Campyero Bellinceri, Romadakı Sapienza Universitetinin professoru Ancelo Mikele Pyemonteze və Berlin Humboldt Universitetinin Azərbaycan tarixi departamentinin rəhbəri professor Eva-Maria Auh məruzələrlə çıxış ediblər.

Tədbir zamanı Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun dünyada geniş tanınmasının tarixi və yüksək dəyərli əsərlərinin bir çox müasir Avropa şərqşünasların yaradıcılıq fəaliyyətinə müsbət təsiri, dünyanın bir çox ölkələrinin muzeylərində, kitabxanalarında qorunub saxlanılan əlyazmaları və əsərləri haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş konfrans zamanı auditoriyanın çoxsaylı sualları cavablandıraraq mövzu ilə əlaqədar müzakirələr aparılıb. Tədbirdə İtaliyanın elm, tədqiqat və təhsil dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri