Prezident İlham Əliyev: "2017-ci ildə 300 min ton pambıq istehsal edə bilərik”
- 18.09.2016, 09:56,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Gələn il 200 min tondan çox pambıq istehsal ediləcək. Mən heç bir rəqəm səsləndirmək istəmirəm. Heç bir xüsusi göstəriş vermək istəmirəm, onu həyat göstərər. Amma biz bilməliyik ki, pambığın istehsalını hansı ardıcıllıqla artırmalıyıq. Hesab edirəm ki, 2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə, - belə də olmalıdır, - biz 250 min, hətta 300 min ton pambıq istehsal edə bilərik”.
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, pambığın məhsuldarlığı ilə bağlı rəqəmlər hər şeyi özlüyündə göstərir: “1970-ci ildə hektardan məhsuldarlıq 17 sentner, 1981-ci ildə təxminən 36 sentner idi. Bu gün isə bu, 18,8 sentnerə bərabərdir. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda pambığın payı da çox maraqlı statistikadır. Beləliklə, bu pay 1970-ci ildə 16 faiz təşkil edirdi, 1982-ci ildə 22 faiz, 2015-ci ildə isə 1,2 faiz. Mən deyəndə ki, pambıqçılıq Azərbaycanda batır, bax, bunu nəzərdə tuturam”.
“Azərbaycanda 1970-ci ildə 190 min hektar, 1982-ci ildə isə 305 min hektar sahədə pambıq əkilmişdir. Keçən il ən aşağı səviyyəyə düşmüşdür - 18 min 700 hektar. Bu il 52 min hektar əkilib. Gələn il hədəf 128 min hektardır. Əgər biz indiki səviyyəni götürsək, qeyd etdiyim kimi, 128 min hektar torpağın əkilməsi ən azı 250 min ton pambıq deməkdir. Ancaq yenə də deyirəm, biz hədəfi 300 min ton götürməliyik.
İndiki dövr üçün vəzifələr nədən ibarətdir?! İlk növbədə pambığın yığımı vaxtında və itkisiz təmin edilməlidir. Yerli icra orqanları, mərkəzi icra orqanları, sahibkarlar bu vəzifələri icra etməlidirlər. Artıq burada səsləndi, bu il 100 min tondan çox məhsul gözlənilir. Bu, ən sürətli dinamikadır. Biz pambığın istehsalını 35 min tondan 100 min tona çatdıracağıq. Bir il ərzində biz üç dəfə istehsalı artıracağıq. Nəzərə alsaq ki, biz bu işlərlə bir neçə ay ərzində məşğul olmağa başlamışıq, göstəricilər doğrudan da təsiredicidir. Pambığın qəbul məntəqələrinə və emal zavodlarına daşınması üçün magistral yollarda təhlükəsiz hərəkət təmin edilməlidir. Daxili İşlər Nazirliyi və yerli icra orqanları bu işlərlə ciddi məşğul olmalıdırlar. Yanğından mühafizə tədbirləri görülməlidir. Pambığın tədarükü və emalı dövründə emal zavodları və qəbul məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir. Bu, çox vacib məsələdir və “Azərişıq” şirkəti bu məsələni icra etməlidir”, - deyə dövlət başçısı bildirib.