Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub Sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Paytaxt Parisdə, Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasiminə Fransanın tanınmış ictimai-siyasi xadimləri qatılıblar.

“Azərbaycan şəhərciyi”nin açıldığı Parisin 7-ci rayonunun meri Raşida Dati mərasimdə çıxış edib. Mer bu şəhərciyin məhz onun rəhbərlik etdiyi rayonda açılmasından məmnunluğunu bildirib. Bu şəhərcik vasitəsi ilə fransızların ölkəmiz haqqında daha çox məlumat əldə edəcəklərinə ümidvar olduğunu deyən Raşida Dati Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, ölkələrimiz arasındakı münasibətlərin inkişafına Heydər Əliyev Fondunun töhfəsindən, Azərbaycanın qədim tarixə malik müasir ölkə olmasından danışıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva isə çıxışında bildirib ki, üç ildir, Parisdə bu layihə uğurla həyata keçirilir və ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə və xalqlarımızın bir-birini daha dolğun tanımasına xidmət edir: “Parisin rəmzinə çevrilmiş Eyfel qülləsinin yanında yerləşən Jofr meydanında “Azərbaycan şəhərciyi”nin açılışında sizin hər birinizi səmimi qəlbdən salamlayıram. Bu axşam bizimlə bərabər olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm. Artıq Parisin 6-cı və 1-ci rayonlarından sonra “Azərbaycan Şəhərciyi” Fransa paytaxtının ən gözəl rayonlarından biri olan 7-ci rayonda qonaqlara öz qapısını açır.

Mən şəhərciyin hazırlanmasında və həyata keçirilməsində əməyi olan hər bir insana, xüsusilə də Parisin 7-ci rayonunun meri, bizim əziz dostumuz Raşida xanım Datiyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd etmək istərdim ki, 5 il bundan əvvəl, hələ 2011-ci ildə Heydər Əliyev Fondu Fransada öz fəaliyyətinə başlayanda və Azərbaycana dair tədbirlər keçirəndə məhz Raşida xanımın təşəbbüsü ilə bizim ilk tədbirlərimizdən biri - həm sərgi, həm konsert məhz Parisin 7-ci rayonunun meriyasında keçirilmişdi. Azərbaycan müstəqilliyini bərpa etməsinin 25 illiyini bu il qeyd edir. Bu illər ərzində Azərbaycan bir çox nailiyyətlərə imza atıb. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Bu gün Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. Biz təbii sərvətlərimizə, imkanlarımıza və ən əsası isə xalqımıza arxalanaraq bu nailiyyətləri əldə edirik və irəli gedirik”.

M. Əliyeva əlavə edib ki, əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri sülh şəraitində bir ailə kimi yaşayıb. Bu gün də bu ənənələr qorunub saxlanır. Bu gün Azərbaycan dözümlülük və tolerantlıq məkanı kimi dünyada tanınıb: “Biz tariximizə, dinimizə, mədəniyyətimizə böyük hörmət bəsləyərək dünya mədəniyyəti müxtəlifliyinə və dünyanın digər dinlərinə və mədəniyyətlərinə böyük hörmətlə yanaşırıq. Məhz qarşılıqlı hörmət, dözümlülük, tolerantlıq prinsiplərinə əsaslanaraq bəşəriyyət bu gün üzləşdiyi ksenofobiya, ayrı-seçkilik, radikalizm və terrorizm kimi dəhşətli bəlalara qarşı mübarizə apara bilər.

Mən bu fürsətdən istifadə edərək bu səhər Fransa Prezidentinin iştirakı ilə keçirilən və terror qurbanlarının xatirəsinə həsr olunmuş mərasimə ehtiramımı bildirirəm və bir daha öz adımdan və hər bir azərbaycanlının adından Fransa xalqına və terror qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Terrorizmin nə dini, nə milləti var və bu bəlanı həyatımızdan qaldırmaq üçün biz gərək birlik nümayiş edək. Sürətlə inkişaf edən ölkəmiz bu gün Fransa-Azərbaycan əməkdaşlığına böyük əhəmiyyət verir. Mən çox şadam ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir. Həm dövlət, həm qeyri-dövlət qurumları, ictimai qurumlar arasında əlaqələr qurulur və ikitərəfli münasibətlər möhkəmlənir. Təkcə son 5 il ərzində Fransanın və Azərbaycanın müxtəlif şəhərləri, regionları arasında 13 qardaşlaşma sazişi imzalanıb. Bu proses nəticəsində regionlar arasında həm mədəni, həm iqtisadi əlaqələr qurulur. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı kimi qalır. Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Fransa fəal iştirak edir. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Ümidvaram ki, gələcəkdə də Fransa münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh və ədalət yolu ilə həllində öz səylərini göstərəcək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, suverenliyini dəstəkləməkdə davam edəcək.

Mən çox sevinirəm ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq tamamilə yeni bir səviyyəyə qaldırılıb. Yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Fransanın Dövlət Şərq Dilləri və Mədəniyyətləri Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir. Müluz şəhərinin Yuxarı Alzas Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq kafedrası açılıb. Təməli Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland tərəfindən qoyulmuş Fransız liseyi bu gün artıq Bakıda ən qabaqcıl təhsil ocaqlarından birinə çevrilib. Çox şadam ki, bu ilin sentyabrında Bakıda Azərbaycan-Fransız Universiteti fəaliyyətə başlayıb.

Mən əminəm ki, humanitar sahədə, mədəniyyət sahəsində əlaqələr bizim xalqlarımızı bir-birinə daha yaxın edir, daha yaxşı tanıdır və Fransa–Azərbaycan əməkdaşlığının, Fransa-Azərbaycan münasibətlərinin güclənməsinə xidmət edir. Məhz ona görə biz belə layihələri Fransada həyata keçirməyə çalışırıq ki, ölkəmizi tanıdaq”.

Tədbirdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua MANSEL çıxış edərək vurğulayıb ki, bu tədbir bütün Paris sakinlərinin diqqətini cəlb edib. Jan Fransua Mansel Azərbaycanın bütün dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, birgəyaşayışın Azərbaycan modeli Fransada da geniş yayılmalıdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini də vacib saydığını qeyd edib.

“Azərbaycan mətbəx mədəniyyəti” kitabının müəllifi Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmann çıxış edərək nəşrin ərsəyə gəlməsindən danışıb.

Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq olub. Şəhərcikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olmaq mümkündür. Şəhərcikdə daha bir yenilik isə “Uşaq zonası”dır. Kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilir.

Muzey bölməsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənir.

“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” bölməsində Mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər-batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunur. Şəhərciyin kitabxana zonasında Heydər Əliyev Fondunun ölkəmiz, o cümlədən xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, tarixi, Azərbaycan həqiqətləri barədə geniş və dolğun məlumatların əks olunduğu müxtəlif nəşrləri nümayiş etdirilir və qonaqlara hədiyyə olunur.

Şəhərciyin sərgi bölməsində “Partizanın izi ilə” sərgisi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovla görüşüb.

“Bir günəş altında” layihəsi çərçivəsində açılan sərgidə isə Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan fotolar, eləcə də eyniadlı film nümayiş olunur. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib və burada 20 azsaylı xalqın tarixi, mədəniyyəti və adət-ənənələri təqdim edilir.

“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozyenin hər iki şəhərin mənzərələrini, abidələrini, gündəlik həyatını əks etdirən fotoları təqdim olunur. Fransız fotoqraflar Gəncə və Qəbələdə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələrini fotokameralarının yaddaşına həkk ediblər. Şəhərcikdə ilk dəfə olaraq həm də “Turizm Mərkəzi” layihəsi təqdim olunur. Burada Azərbaycanın turizm bölgələri və marşrutları barədə ətraflı məlumat verilir.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun daha bir yeni nəşri - “Azərbaycan mətbəx mədəniyyəti” adlı kitabının təqdimatı da olub. Nəşrdə xalqımızın zəngin mətbəx mədəniyyəti barədə ətraflı məlumat verilir.

Bu dəfə “Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraq “Qız qalası” beynəlxalq incəsənət festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir. Bu dəfə 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənir.

Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” stendi də təqdim edilir. Burada, həmçinin Fransada Azərbaycanın Dostları Assosiasiyası da təqdim olunur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Assosiasiyasının xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, 2014-cü ildən etibarən artıq üçüncü ildir reallaşdırılan bu layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib. Sentyabrın 17-dən fəaliyyətə başlayan “Azərbaycan şəhərciyi” sentyabrın 25-dək davam edəcək.

Sonra Azərbaycanın birinci xanımının adından tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri