İcbari tibbi sığorta paketinə daxil olan xəstəliklərin siyahısı Nazirlər Kabinetinə təqdim edilib

İcbari tibbi sığorta paketinə daxil olan xəstəliklərin siyahısı ilə bağlı baza zərfi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev APA-ya bildirib ki, baza zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.

Onun sözlərinə görə, bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr tibbi sığorta təminatına daxil ediləcək: “Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq”.

Z. Əliyev qeyd edib ki, tibbi sığorta zərfinə cərrahiyə əməliyyatları, müəyyən bahalı əməliyyatlar da daxil edilib: “Araşdırmalarımızdan məlum oldu ki, ölkə vətəndaşlarının ən çox əziyyət çəkdiyi və daha çox vəsait tələb edən ürək-damar xəstəlikləridir. Ona görə də, beyin anevrizması, periferik damar əməliyyatları, yemək borusu, qapalı və açıq ürək əməliyyatları da sığorta təminatına daxil edilib. Məlum olduğu kimi, bir sıra xəstəliklər - onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi üzrə dövlət proqramları mövcuddur. Ona görə də bu xəstəliklərin müalicəsi icbari tibbi sığortanın təminat paketinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat verməyi nəzərdən keçiririk”.
Şərhlər
Sosial bölməsinin xəbərləri