Prezident İlham Əliyev: Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti ilə bağlı hər hansı bir reaksiya verməyib

Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.

Prezident İlham Əliyev Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini dedi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin geniş gündəliyinin olduğunu deyən dövlətimizin başçısı bunun təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə etdiyini bildirdi, Avropa İttifaqının artıq 9 üzv dövləti ilə strarteji tərəfdaşlıq barədə bəyannamənin imzalandığını dedi. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlətimizin başçısı ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirdi və respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırdı.

Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib. Dövlətimizin başçısı Azərbaycanın Avropa ölkələri ilə əlaqələrə böyük önəm verdiyini deyərək Azərbaycanın da Avropa ölkələrinin inkişafına mühüm töhfə verə biləcəyini vurğuladı.

Prezident İlham Əliyev bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılmasının önəmini bildirdi. Dövlətimizin başçısı Avropada yüksək səviyyəli rəsmi şəxslərin bu məsələlərlə bağlı yolverilməz ifadələrinə Avropa strukturlarında hər hansı bir reaksiya verilməməsinin də bir müsəlman xalqı kimi Azərbaycan xalqını da narahat etdiyini vurğuladı. Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasətinin bu münaqişənin həllinə mane olduğunu diqqətə çatdırdı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri