Almaniya səfiri: “Anlayırıq ki, indiki vəziyyətdə “status-kvo” qəbuledilməzdir”
- 04.10.2016, 22:20,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”.
APA-nın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin yayda Azərbaycana səfər etdiyini xatırladan diplomat ölkəsinin Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb.
“Anlayırıq ki, indiki vəziyyətdə “status-kvo” qəbuledilməzdir. Biz tərəflərlə daim təmasdayıq və onları məqsədyönlü danışıqlara cəlb etməyə çalışırıq ki, münaqişənin bir daha alovlanmaması üçün tədbirlər görülsün və o, öz həllini tapsın", - deyə o qeyd edib.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.