Mehriban Əliyeva “Əli və Nino” filminin premyerasında olub

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub.

APA-nın məlumatına görə, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib. Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Çəkilişləri 2015-ci il ərzində aparılan “Əli və Nino” filminin süjet xətti Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində ölkəmizin bolşeviklər tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub. Filmin prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustanda, Xınalıqda, Gəncə və Gədəbəydə aparılıb. Baş rollarda Adam Bakri (Əli) və Mariya Valverdenin (Nino) çəkildikləri 104 dəqiqəlik ekran əsərində, həmçinin Fəxrəddin Manafov, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar rol alıblar.

Nümayişdən sonra prodüser Kris Tikye çıxış edərək deyib: “Əslində, bu gün “Əli və Nino” filminin dünya premyerasıdır”. O, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. “Şəxsən mən ilk dəfədir ki, Azərbaycan dilinə dublyaj olunmuş filmi seyr edirəm. Ümidvaram ki, film çox böyük uğur qazanacaq. Bizə bu ölkədə film çəkmək çox xoş oldu və biz sizin ölkənizi çox sevdik”, - deyən Kris Tikye çəkiliş zamanı filmin icraçı prodüseri Leyla Əliyevanın işə vurğunluğunu, yaradıcı ideyalarını, işin ümumi prosesinə verdiyi dəstəyi xüsusi qeyd edib.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir. “Əli və Nino” ilk dəfə 2016-cı il yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində nümayiş olunub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib. Oktyabrın 24-dən başlayacaq Asiya Dünya Film Festivalı isə “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri