“Sevirəm” parkının açılışı olub
- 06.10.2016, 14:22,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub.
APA-nın xəbərinə görə, prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva parkın rəmzi açılışını bildirən lenti kəsiblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan park kompleksi barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Ərazidə aparılan geoloji işlərin nəticəsində neft tullantıları və mərmər tozu aşkar edilib. Ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra 2016-cı ilin iyunundan parkın yaradılmasına və tikinti işlərinə başlanılıb. Burada işlər sentyabrda başa çatıb.
Ərazisi münbit torpaqla örtülən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var.
Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə parkda ağacəkmə kampaniyası keçirilib. Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.
Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb.
Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Müxtəlif mövzularda olan bu heykəllər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş “Daşın nəğməsi” birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.
Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə “Ürəklər” kompozisiyası təqdim olunur. Bu kompozisiya Bakıya, təbiətə, insanlara olan sevgini əks etdirir.
Yeni istirahət guşəsinin ərazisində yaradılmış şəlalədə dekorativ və təbii daşlardan istifadə olunub. Burada uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb.
Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ perqola - keçid və kafe var. Ərazidə yanğınsöndürən maşınlar və velosipedçilər üçün hərəkət zolaqları da salınıb.
Parkın ərazisində, həmçinin “GreenCar” mərkəzi tərəfindən elektrik cərəyanı ilə işləyən nəqliyyat vasitələrinin enerjidoldurma stansiyası quraşdırılıb.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkiblər.