Şamaxıda ayı kəndlərə hücum edib

Şamaxıda ayı iki nəfəri parçalayıb.

Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə bu gün saat 21:30 radələrində baş verib. Qala dərəsi kəndində toy zamanı ayı qəflətən insanlara hücum çəkib. Burada 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edib. Ayı qızın döş qəfəsini cırmaqlayıb. Daha sonra kənddəki tövləyə girən heyvan bir inək və bir eşşəyi parçalayaraq yeyib.

Ancaq qızmış heyvan bununla da kifayətlənməyib. Hadisədən dərhal sonra meşəyə qaçan ayı buradan da Keşmədin kəndinə keçərək kəndin girişində qoyun otaran çobana hücum çəkib. 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib ayını görən kimi əlindəki çomaqla müdafiə olunmağa başlayıb. Nəticədə ayı onun bədəninin müxtəlif yerlərinə 10-15 cırmaq atıb. Ancaq Sahib Allahverdiyev özünü itirməyərək kəndə qaçıb. Burada dərhal onu avtomobilə qoyaraq xəstəxanaya aparıblar. Həmçinin Fəridə Nuriyevanı da təcili olaraq xəstəxanaya çatdırıblar.

Hazırda hər iki nəfərin də vəziyyətinin ağır olduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri