Lənkəranda evdə yanğın olub, mənzil sahibi zəhərlənib

Lənkəranda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyi Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyunun 24-də saat 1.30 radələrində şəhərin Koroğlu küçəsi, 90 ünvanında, 1972-ci il təvəllüdlü Azad Heybət oğlu Qədimova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının genişlənməsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Tüstüdən zəhərlənmiş ev sahibini isə hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən xilas olunub.

Yanğın zamanı ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağı 16 kv.m sahədə içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri