Fuad Ələsgərov: Azərbaycan əmək miqrantlarının axın etdiyi ölkəyə çevrilir

Azərbaycanda "ASAN Viza" xidməti noyabrda işə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən MDB ölkələri Miqrasiya Orqanları Rəhbərləri Şurasının XIX iclasında deyib.

O qeyd edib ki, bu, Azərbaycana gələrkən viza alınması prosesinin rahatlığını əhəmiyyətli dərəcədə yüksəldəcək.

F.Ələsgərov həmçinin qeyd edib ki, son illər Azərbaycan miqrantların çıxdığı və tranzit ölkədən tədricən əmək miqrantlarının axın etdiyi ölkəyə çevrilir: "Ölkəmizdə əmək miqrasiyası daha çox xüsusi çəkiyə malikdir. Ölkənin əlverişli geosiyasi mövqeyi, sabit daxili siyasi vəziyyət, Azərbaycanın tolerantlığı, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi təbii şəkildə miqrasiya proseslərinin dinamikasına təsir göstərir. Nəticədə Azərbaycan tədricən miqrantların təyinat ölkəsinə çevrilir”.

Onun sözlərinə görə, bununla əlaqədar ölkədə miqrasiya siyasətinin gücləndirilməsi üzrə mühüm işlər görülüb: "Xüsusilə dövlət proqramı təsdiq edilib, qanunvericilik təkmilləşdirilib, institusional mexanizmlər yaradılıb və yeni informasiya texnologiyaları tətbiq edilib. Hazırda bir çox miqrasiya sənədlərinin verilməsi "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilir ki, bu da prosesi xeyli asanlaşdırır".
Şərhlər
Siyasət bölməsinin xəbərləri