Azərbaycanlılar daha çox hansı əcnəbilərlə evlənirlər?

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların tərkibində milliyətcə azərbaycanlı olan, lakin Gürcüstan və Rusiya vətəndaşları ilə bağlanan nikahlar üstünlük təşkil edir.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahları demoqrafik proseslərin tərkib hissəsi kimi dəyərləndirən A.Veysəlovanın sözlərinə görə, artıq bir necə ildir ki, azərbaycanlıların əcnəbilərlə bağladığı nikahlar sırasında 1-ci yeri Rusiya və Gürcüstan, sonrakı yerləri isə Türkiyə, İran, Almaniya vətəndaşları ilə bağlanan nikahlar tutur: "Ardınca isə Böyük Britaniya, ABŞ, İsvecrə, Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı vətəndaşları ilə nikahlar yer alır. Xaricilərlə bağlanan nikahlarda ənənəvilik müşahidə edilir. Amma adları sadalanan ölkələrin vətəndaşları ilə bağlanan nikah dedikdə sırf alman, yaxud ingilislə olan nikah başa düşülməməlidir. Həmin ölkələrdə əslən azərbaycanlı və ya türk olan xarici ölkə vətəndaşları da yaşayır ki, onlar nikahlarını Azərbaycan vətəndaşlarıyla bağlayırlar”.

A.Veysəlova deyib ki, həm azərbaycanlı qadınlar, həm də kişilər əcnəbilərlə nikaha daxil olurlar. Lakin belə nikaha daxil olanlar arasında qadınlar üstünlük təşkil edir.

Komitə rəsmisinin sözlərinə görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olmada əsas diqqət yetirilməli məsələ həm qadın, həm də kişinin öz hüquqlarını bilməsidir: “Əsas məsələ odur ki, Azərbaycan vətəndaşı ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında rəsmi nikah qeydə alınsın. Çünki rəsmi qeydiyyata alınmayan nikahda yaşayan qadınlar həyat yoldaşından ayrılarkən bir çox problemlərlə üzləşirlər. Bir çox hallarda onların əmlak hüquqları pozulur, yaxud uşaqların sənədlərinin düzəldilməsində problemlər yaranır. Bu baxımdan, istər qadın, istərsə də kişilər çalışmalıdırlar ki, əcnəbilərlə nikaha girərkən həmin ölkənin, eyni zamanda, Azərbaycanın qanunlarına uyğun davransınlar. Bununla da özlərini sığortalamış olacaqlar”.

A.Veysəlova qeyd edib ki, Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahların sayı ölkədə rəsmi qeydiyyata alınan bütün nikahların çox az hissəsini təşkil edir: "2015-ci ildə Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə 2680 nikah bağlanıb,149 boşanma halı baş verib. 2013-cü ildə 2780 nikah, 211 boşanma, 2014-cü ildə isə 1816 nikah və 155 boşanma halı baş verib".

A.Veysəlovanın sözlərinə görə, əcnəbilərlə nikaha daxil olanlar arasında boşanma halları çox azdır. Onun fikrincə, boşanmalar əsasən nikaha daxil olan azərbaycanlılarda yeni mühitə öyrəşmə prosesinin ləng getməsi, adət-ənənələrin öyrənilməsində çətinliklərin yaranması, ailədaxili münasibətlərlə izah oluna bilər.
Şərhlər
Sosial bölməsinin xəbərləri