Azərbaycan XİN Putinin köməkçisinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasına münasibət bildirib
- 14.10.2016, 13:37,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur".
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev qeyd edib ki, Y. Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində "status-kvo"nun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddir.
"Bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə də uyğun gəlmir.
Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir.
Azərbaycan suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək", - deyə o bildirib.
Qeyd edək ki, Y. Uşakov bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi nikbinliyi yoxdur.