Əli Əhmədov: “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı iki əsas hədəfimiz var”

Əli Əhmədov: “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı iki əsas hədəfimiz var” Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı sənədlər hazırlanıb, onlara yaxın zamanlarda baxılacaq.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar yaxın vaxtlarda pilot layihələr icra olunacaq. Ə. Əhmədovun sözlərinə görə, Yevlax rayonu və Mingəçevir şəhərində icra olunacaq pilot layihələrin nəticələri əsasında bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq.

“Təkliflər hazırlanıb, onlara baxılır, lazım olan ekspertizadan keçirilməlidir. Burada qarşımıza qoyduğumuz iki əsas hədəfimiz var. Birincisi, icbari tibbi sığortanın və tibbi xidmətlərin yüksək səviyyədə təmin edilməsi üçün lazım olan zəruri vəsaitlər toplansın, digər tərəfdən isə bu, vətəndaşların büdcəsində ağır yükə çevrilməsin. Bu iki vəzifənin əlaqələndirilməsi istiqamətində işlər aparılır və hazır olan kimi ictimaiyyət məlumatlandırılacaq”, - deyə o vurğulayıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri