Azərbaycanda qanunsuz ovla məşğul olan İraq vətəndaşları saxlanılıb
- 17.10.2016, 19:01,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 13-də Ağgöl Milli Parkının ərazisində 2 nəfər xarici ölkə vətəndaşı qanunsuz ova cəhd edən zaman parkın əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanuna müvafiq tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İraq Respublikasının vətəndaşı Saif Jamal Nadhim və Jalil Hamid Bares saxlanılıb və onlardan 10 ədəd diri göyərçin, 5 ədəd qızıl quş tutmaq üçün cələ, 1 ədəd qızıl quş ovlamaq üçün tələ, 1 ədəd qızıl quş üçün papaq, 2 ədəd yataq döşəyi, 2 ədəd qaz balonu və yemək ləvazimatları aşkar edilərək götürülüb.
Bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanunsuz ov alətləri müsadirə olunaraq qanun pozucuları İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, hər biri 2000 manat olmaqla, 4000 manat məbləğində cərimə edilib: “Qanun pozucularının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət məktubu göndərilib”.