Azərbaycanda baş verən yol qəzalarında iki nəfər ölüb, üç nəfər ağır xəsarət alıb

Şəmkir-Gədəbəy yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Şəmkir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisələrdən biri bu gün saat 12 radələrində qeydə alınıb. Bərdə rayon sakini, 1959-cu il təvəllüdlü Yaşar Əliyevin idarə etdiyi “VAZ 21015” markalı avtomobillə, Sumqayıt şəhər sakini Anar Rüstəmovun idarə etdiyi “Ford” markalı yük avtomobili toqquşub. Hadisə zamanı “VAZ 21015”-də olan sərnişin, 1983-cü il təvəllüdlü Valeh Vəliyev hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin, 1983-cü il təvəllüdlü Zamik Əliyev və sürücü isə ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. “Ford” markalı maşının sürücüsü xəsarət almayıb.

Şəmkir-Gədəbəy avtomobil yolunda dünən gecə başqa bir hadisə də qeydə alınıb. Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Xaliq İsgəndərovun idarə etdiyi “Niva” markalı avtomobillin yük avtomobili ilə toqquşması nəticəsində, sərnişin, Gəncədə LOR həkimi işləyən 1954-cü il təvəllüdlü Elman Məmmədov dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hər iki fakt üzrə Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri