Prezident İlham Əliyev: “Neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər, ədalət bərpa edilməlidir”
- 23.10.2016, 15:34,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu səfərin çox böyük əhəmiyyəti var. Bu gün Venesuela-Azərbaycan əlaqələrinin tarixində yeni səhifə açılır”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro ilə görüşdən sonra mətbuata bəyanatında bildirib: “Biz diplomatik əlaqələri 21 il bundan əvvəl qurmuşuq. Ancaq əlaqələrimizin fəal dövrü bu ildən başlayır. Əminəm ki, qarşılıqlı maraqlara, bir-birinə hörmətə əsaslanan bu əlaqələr yaxşı inkişaf edəcək, xalqlarımız bir-birinə daha yaxın olacaq və ölkələrimiz beynəlxalq arenalarda da həmişə bir-birinə dəstək verəcəklər”.
Dövlət başçısının bəyanatında daha sonra bu fikirlər vurğulanıb: “Mən bu yaxınlarda rəsmi qaydada bildirdim ki, dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik. Neftlə zəngin olan ölkələr artıq öz təbii resurslarına görə ədalətli qiyməti də alacaqlar.
Əlbəttə, burada ölkələrarası koordinasiya işlərinə gərək bütün ölkələr çox diqqətlə yanaşsınlar, xüsusilə OPEC ölkələri və müstəqil hasilatçılar. OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər, birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu, olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin. Yəni, burada balans olmalıdır. Bu gün bu balans pozulub və neftlə zəngin ölkələr böyük əziyyət çəkirlər. Bu, ədalətsizlikdir və bu balans bərpa edilməlidir. Əminəm ki, belə olarsa, hər kəs ancaq mənfəət götürə və burada maraqlar balansı da təmin edilə bilər. Çünki artıq 2 ilə yaxındır ki, dünya bazarlarına neft ixrac edən ölkələr böyük itkilərlə üzləşiblər. O ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri azalır və bu, ədalətli deyil. Bu ədalət bərpa edilməlidir. Mən bu münasibətlə Prezident Maduronun bu xüsusi missiyasını bir daha qeyd etmək istəyirəm. Prezident Maduro çox böyük səylər göstərir ki, OPEC və qeyri-OPEC hasilatçılarını bu ədalətin bərpa edilməsinə inandırsın. Mən bu missiyaya uğurlar arzulayıram. Azərbaycan artıq öz sözünü deyib. Siz bizə istinad edə bilərsiniz ki, artıq Azərbaycan bu öhdəliyi öz üzərinə götürüb və gözləyirik ki, digər ölkələr də oxşar addımlar atsınlar”.
Venesuela prezidenti Nikolas Maduronun bəyanatında isə qeyd olunub ki, axırıncı 22 ay ərzində neftin ən aşağı qiymətləri müşahidə edilir: “Proses 2014-cü ilin oktyabrından başladı. Həmin vaxt neft sərmayəsi dünya miqyasında 700 milyarddan 520 milyarda düşmüşdü. Qarşımızda duran sual ondan ibarətdir ki, bir barrelin 20–30 dollara olması dünya iqtisadiyyatı və sabitliyi üçün məqbuldurmu? Neft sektorunda sərmayələr artıq kifayət deyil. Halbuki, bəzi illərdə neftin qiyməti 150 dollar təşkil edib. Bu, düzgün deyil. Nail olmağa çalışdığımız razılaşma OPEC ilə qeyri-OPEC ölkələri arasında siyasi iradə tələb edir. Azərbaycanı da buraya aid etmək olar. Biz həmin sazişə çox yaxınıq. Çox nikbin baxıram ki, bu razılaşma lap yaxın vaxtlarda əldə olunacaq və elan ediləcək. Bu, sabitlik və sərmayələr, gəlirlər və rifah, sabit hasilat və neftin qiymətinin yeni düstur dövrünə yol açacaq. Bu, OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmaya söykənəcək”.
Qeyd edək ki, iki ölkə arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.