Bakı Metropoliteni yeni stansiyaların tikintisi imkanına baxır
- 17.04.2013, 13:01,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bakı Metropoliteninin perspektiv inkişafı üzrə Dövlət Proqramı"nın birinci beşillik planına uyğun olaraq, ən vacib məsələlərdən biri depolarının inşasıdır. Birinci beşillikdən sonra ən azı 3 depo fəaliyyətdə olmalıdır.
Trend Metropolitenin rəsmi saytına istinadən məlumat verir ki, yeni inşa olunan xətt və onun 5 stansiyası ilə yanaşı, beşillik dövrdə mövcud xətlərin bir-birindən ayrılması da başa çatdırılmalıdır. Daha bir deponun da inşası həmin müddətdə yekunlaşmalıdır. Onlardan ən vacibi "Dərnəgül" elektrik deposudur, çünki bu depo həm də mövcud iki xətdə şütüyən vaqonların əsaslı təmiri üçün nəzərdə tutulub. Buna görə də əvvəlki depodan fərqli olaraq, onun layihəsində bir çox funksional yeniliklər nəzərə alınmalıdır.
Ötən həftə sonuna qədər ilkin layihə variantı üzərində çalışan "Minsk Metrolayihə" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri növbəti müzakirələr üçün Bakıda oldular. Müdiriyyətin avadanlıqların komplektləşdirilməsi şöbəsinin rəisi Samit Abbasov bildirib ki, müvafiq xidmətlərin məsul şəxslərinin iştirakı ilə aparılan müzakirələrin sonunda bir sıra məsələlər həllini tapıb.
İlkin layihə planında əsas müzakirə olunan məsələ deponun başlanğıc nöqtəsi sayıla biləcək portal ərazisindən vaqonların saxlanma-təmir sahəsinə qədər olan hissədə yolun üst quruluşu üzrə layihəsini, həmçinin tikinti norması və qaydalarına uyğunluğunu müəyyən etmək idi. Bundan əlavə, deponun bir çox komplekslərinin - inzibati bina, motovoz sexi, rels-qaynaq sahəsi, elektrik yarımstansiyası, təmir sahələri, həmçinin digər əsas və yardımçı obyektlərin yerləşmə planı da müzakirə olunub.
Həmçinin, Metropoliten rəhbərliyi depo üzərindən sakinlərin bir istiqamətdən digərinə hərəkətini asanlaşdırmaq üçün yerüstü keçidin inşa olunmasına çalışır.
İlkin layihə variantında bəzi dəyişikliklər də edilməlidir. Samit Abbasov qeyd edib ki, ilk növbədə, dayanacaq xarakterli stansiya və ya plaftormanın inşaat yeri, bu istiqamətdə müvafiq layihə tapşırıqları müəyyənləşdirilib.