MTRŞ: "Ağa nəzərəm, belə gəzərəm" düşüncəsi ilə davranan teleradio işçiləri var

"Teleradio işçiləri içərisində təsadüfi insanların olması təəssüf doğurur"
"Əlbəttə, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan televiziyası"nın, "İctimai televiziya"nın, "İdman Azərbaycan", "Mədəniyyət" və "CBC sport" kanallarının, habelə "Azərbaycan radiosu" və "İctimai Radio"nun bu qəbildən olan maliyyə sıxıntıları yoxdur". APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyevin "Xalq" qəzetində dərc olunan məqaləsində deyilir.

Q. Cəbiyev bildirib ki, bu mənada tamaşaçı auditoriyasının həmin yayımçılardan daha çox maarifləndirici proqramlar umması tamamilə normal bir istəkdir: "Ədalət naminə deyək ki, "Azərbaycan televiziyası", "Mədəniyyət" kanallarının və "İctimai televiziya"nın bir sıra verilişləri bu cəhətdən tamaşaçıları qane etməyə bilməz. Söhbət mövzusu, auditoriyası, kontingenti və təqdimatı ilə fərqlənən intellektual verilişlərdən gedir ki, mən onlardan biri, İTV-də yayımlanan “Media və Zaman” verilişi üzərində ayrıca dayanmaq istərdim. Peşəkar qələm ustası, alim-jurnalist Xalid Niyazovun müəllif və aparıcısı olduğu bu veriliş televiziyalar qarşısında dağ kimi dikələn ciddi və aktual bir problemin-səviyyə və auditoriya arasındakı tənasüb probleminin həlli istiqamətində atılan uğurlu addımlardan biridir. Həmin verilişi oxşar proqramlardan fərqləndirən cəhət hansılardır? Əvvəla, mövzu! Yəni, zaman müstəvisində medianın toxunduğu, hallandırdığı ən aktual, ağırçəkili mövzular məhz bu proqramda müzakirə predmetinə çevrilir. Cəlbedici telepublisistika, mövzuya bələdlik, elmi-intellektual səviyyə, geniş dünyagörüşü, peşəkar mükalimə, zahiri-atributiv elementlərin harmoniyası bu verilişin timsalında televiziyanın “elitarlıq, yoxsa kütləvilik” mübahisəsində vurğunu birincinin üzərinə qoyur. Burada aparılan müzakirələrin həm intellektual, həm də peşəkarlıq baxımından üstün səviyyəsini təyin və təmin edən ikinci vacib amil dəvət olunan ekspertlərin kimliyidir. Televiziyaçılıqda bu məqam, həm də konkret teleməhsulun müvəffəqiyyətini şərtləndirən səbəblər sırasındadır. Tamaşaçı hər dəfə bu proqramda ölkənin sayılıb-seçilən ziyalı, alim, ictimai xadim və media funksionerləri ilə "həmsöhbət" ola bilir. Xatırladaq ki, efirə dəvət olunan ekspertlərin tərkibi və səviyyəsi ilə bağlı da çox ciddi, özü də haqlı narazılıqlar var. Ayrı-ayrı kanalların daha çox müğənni və artistlərdən ibarət az qala daimiləşmiş ekspertlərini hər gün efirdə görmək, onların ekspert qismində peşələrinə, sənətlərinə və yaşlarına əsla uyğun olmayan problemlərlə bağlı məsləhət, tövsiyə və iradlarını eşitmək, əlbəttə, tamaşaçıya xoş ola bilməz. Məgər Azərbaycanda intellekt qıtlığı var?! Ekspert kimi bilavasitə müzakirəyə çıxarılmış mövzularla bağlı nüfuzlu, keçərli fikir söyləyəsi insanlar yoxdur?! Heç kəsə sirr deyil ki, bu və ya digər verilişin nə dərəcədə uğurlu, əhəmiyyətli və baxımlı olacağı birbaşa müəllif və aparıcının özünün şəxsiyyətindən, onun intellektual səviyyəsindən çox asılıdır. Təəssüf hissi ilə onu da bildirməliyəm ki, bu gün telekanallarımızda peşəkar kadrların açıq-aşkar qıtlığı hiss olunur. Təkcə aparıcılar deyil, ümumilikdə digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyalarımızın, lap elə radiolarımızın da bir nömrəli probleminə çevrilib. Teleradio işçiləri içərisində təsadüfi insanların olması təəssüf doğurur. Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq "ağa nəzərəm, belə gəzərəm" düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan teleradio işçiləri də var. Təbiidir ki, bu cür üzdəniraq əməl sahibləri teleradio ailəsinin özü tərəfindən tez bir zamanda çıxdaş olunmalıdır və olunurlar da".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri