Zahid Oruc: Soso Pavliaşvilinin gəlişi ilə qaçqınların mənəvi həyatına həqarət etmiş oluruq

Millət vəkili Zahid Oruc adı XİN-in “qara siyahı”sından çıxarılmış Rusiya və Gürcüstan müğənnisi Soso Pavliaşvilinin noyabr ayında Bakıda keçiriləcək konserti ilə bağlı müsahibə verib:

“İlk növbədə, onu qeyd edim ki, işğal nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulduğu üçün dünyanın bir sıra dövlətləri kimi, ölkəmiz də daxili həyatını, təhlükəsizliyini qorumalıdır və bunun həll yolu işğal olunmuş ərazilər haqqında qanun qəbul etməkdir. Parlamentdə dəfələrlə bu məsələni qaldırmışıq.

Vaxtilə Kerolayn Koks, Soso Pavliaşvili və onlarla digər şəxslər işğal altında olan Qarabağ torpaqlarına Azərbaycanın inzibati ərazisi kimi yanaşmayaraq səfər ediblər. Bununla onlar ölkəmizin hüquqlarına əməl etməyiblər və biz onların adlarını “qara siyahı”da təsdiq etmişik.

Əgər hər hansı bir şəraitdə, kimlərinsə telefon zəngi, yardımı ilə onların adları siyahıdan çıxarılırsa, bu, birinci növbədə, bizim prinsiplərimizdə ardıcıl olmadığımızı ortaya qoyur. Belə çıxır ki, sabah başqa anti-Azərbaycan qüvvələri də özləri üçün sülh, hüquq əldə edə bilərlər.

Təsəvvür edin ki, işğal olunmuş Qarabağ torpaqlarında da iş quran bir kompaniya sabah Gürcüstan və Azərbaycan ilə eyni cür əməkdaşlıq edir. Bəlkə onları neft siyasətimizə də yaxın buraxaq?

Soso Pavliaşvili də bu cür fəaliyyət həyata keçirərək xalqımızın hiddətinə səbəb olub. Məcburi köçkün və qaçqınlarmız bu gün də ortadadır. Onun konsert adı altında gəlişi ilə bu insanların mənəvi həyatı, dünyagörüşü və düşüncələrinə həqarət etmiş oluruq. Onları anlayışla qarşılmaq lazımdır və xalqımızın əvəzindən kimdənsə üzr istəməyə ehtiyac yoxdur. Çünki azərbaycanlılar onlarla Rusiya müğənnisi, mədəniyyət xadimi və digərlərinə hər zaman hörmət göstərib. Biz ölkəmizin qanunlarına hörmətlə yanaşan insanlara qarşılıq vermişik. Bu səbəbdən sözügedən məsələdə etirazları ciddiyə almaq lazımdır.

Azərbaycan cəmiyyətində etirazlar o səviyyədədir ki, burada birlik nümayiş olundu. Sənət adamları, siyasət təmsilçiləri, parlament üzvlərindən də buna etirazlar var. Bu məsələdə vətəndaşlarımızın mövqeyini dəyərləndirmək, hörmət göstərmək lazımdır”.



Oxu.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri