Tolik: "Bu nə səviyyəsizlikdir?"

Prodüser Tarix Əliyev (Tolik) "Space" telekanalını tənqid edən status yazıb.

Prodüser işbirliyi qurduğu müğənnilərin bu kanala çıxmasına icazə vermədiyini bildirib. O, bir neçə gün öncə bağlanan "Bu, maraqlıdır" verilişindən görüntüləri paylaşaraq qeyd edib:

"Bu, biabırçılıqdır. İşlədiyim müğənnilərin "Space"də görünməsini hər zaman əngəlləyirəm. Əgər hansısa müğənni özünə hörmət etmirsə, bu, onun öz işidir. Belə gündəmdə olmaqdansa, heç məni çəkməsə, daha yaxşıdır. 8 il qabaq "Space"in vaxtları var idi. İnciməsinlər, amma şəxsən mən və ətrafımdakı insanlar bu kanala baxmırıq. Bu nə səviyyəsizlikdir? Bunu izləyən turistlər, əcnəbilər nə fikirləşəcəklər?

Belə səviyyəsiz verilişlərdənsə Vaqif müəllimin ("Space" kanalının prezidenti Vaqif Mustafayev - red.) filmlərini efirə vermək daha yaxşı olar. "Yaramaz" filmi bu proqramdan daha səviyyəlidir".

Xatırladaq ki, bir müddət öncə Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında "Bu, maraqlıdır" verilişində baş verənləri efirin toyxanaya çevrilməsi kimi təqdim etmişdi. Daha sonra isə "Space" kanalının rəhbərliyi açıqlama yayaraq, verilişin bağlandığını elan etmişdilər.

Milli.Az


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri