Heyvanları yaşıllıqda qanunsuz otaranlar ciddi cərimələnəcək

Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyanın hesablanması qaydası müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “ Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nda əksini tapıb.

Beləliklə, yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması ilə əlaqədar bir baş davar üçün ilkin olaraq 15 manat, eyni şəxs il ərzində iki və ya daha çox ziyan vurduqda 30 manat cərimə tətbiq olunacaq. Bir baş iri buynuzlu mal-qara üçün bu sahədə cərimənin miqdarı müvafiq olaraq 25 manat və 50 manat, bir baş at üçün 40 manat və 80 manat, bir baş dəvə üçün 70 manat və 140 manat müəyyənləşdirilib.

Ancaq bu sahədə istisna hallar da var. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyan cədvəldə verilən miqdar üç dəfə artırılmaqla hesablanacaq. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin, su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanacaq.

Yaşıllıq ərazilərində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində ağac və kolların, ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsinə görə dəymiş ziyana görə isə həm də əlavə cərimələr tətbiq olunacaq. Başqa sözlə, zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın diametri, santimetrlə (torpaq səthindən götürülməklə) 4 santimetrədək (4 sm də daxil olmaqla) olduqda əlavə olaraq 80 manat, 4,1-8 santimetrədək olduqda 100 manat, 8,1-12 santimetrədək olduqda 120 manat, 12,1-16 santimetrədək olduqda 150 manat, 16,1-20 santimetrədək olduqda 180 manat, 20,1-24 santimetrədək olduqda 200 manat, 24,1-28 santimetrədək olduqda 250 manat, 28,1-32 santimetrədək olduqda 300 manat, 32,1-36 santimetrədək olduqda 350 manat, 36,1-40 santimetrədək olduqda 400 manat, 40 sm-dən yuxarı, hər santimetr üçün 50 manat, hər kol üçün 80 manat cərimə tətbiq olunacaq. Beləliklə, ən böyük cərimə 40 sm-dən yuxarı ağacla bağlı tətbiq olunacaq. Tutaq ki, bir baş iri buynuzlu mal-qara qanunvericiliyin tələbi pozulmaqla ilk dəfə yaşıllıq sahədə otarılıbsa, buna görə 25 manat cərimə tətbiq olunacaq. Əgər bu zaman 40 sm-dən yuxarı, məsələn, diametri 41 sm ağac zədələnib, yaxud məhv edilibsə, bu halda əlavə 2050 manat (41*50 manat=2050 ) cərimə ödəniləcək. Yəni ümumilikdə cərimənin miqdarı 2075 manat olacaq. Ancaq bu da son deyil. Əlavə olaraq məhv edilmiş ot bitkilərinin (qazon) hər kvadratmetrinə görə 25 manat, gül-çiçəyin hər kvadratmetrinə görə 40 manat cərimə tətbiq olunacaq.

Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyan isə üç dəfə artırılmaqla hesablanır.
Şərhlər
Sosial bölməsinin xəbərləri