Baş psixiatr: “Aqressiv davranış nəinki pislənmir, əksinə təbliğ olunur”

“Aqressiv davranışlara qarşı cəza mexanizmi güclənməlidir”

Bunu APA-ya Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Baş psixiatr bildirib ki, zorakılıq hallarının artmasında aqressiv davranışın təbliğ olunmasının rolu var: “İnsan daxilən çox aqressiv ola bilər, lakin tərbiyə, yaşadığı cəmiyyətin qanunlarına riayət olunması onu xoşagəlməz hadisədən və addımdan saxlaya bilər. Ancaq insanlar var ki, sosial və daxili mənəvi tormozlanma mexanizmi kifayət qədər deyil. Burada bir neçə məsələnin, o cümlədən aqressiyanın təbliğinin mühüm rolu var.

Son vaxtlar cavanlar arasında aqressiv davranış nəinki pislənmir, əksinə təqdir olunur, “krutoy”luq, güclü olmaq kimi qələmə verilir. Hətta artıq cizgi filmlərində də personajlar hansısa problemin həllində sözdən yox, gücdən istifadə edir. Belə olduğu halda uşaq da düşünür ki, belə təbliğ edilirsə, demək düzgün olan budur. Hansısa problemim olanda aqressiv olub, kimisə vurmalıyam, itələməliyəm. Beləliklə, nəticədə aqressiv hərəkətlərin forması artır”.


G.Gəraybəyli qeyd edib ki, aqressiv davranışlara qarşı ölkədə cəza mexanizmləri güclənməlidir. İnsanı aqressiyadan, gücdən tətbiqindən saxlayan bir çox faktorların olduğunu deyən baş psixiatr vurğulayıb ki, onlardan biri də cəzadan çəkinməkdir. Onun sözlərinə görə, insan cəzadan qorxmursa, çəkinmirsə, deməli, onun üçün aqressiv hərəkəti törətmək daha asandır: “Digər tərəfdən, bunun səbəbi bəzən ailədaxili mənəvi bağların zəifləməsidir. Uşaq anasını döyüb, atasını öldürüb kimi xəbərləri dəhşətlə oxuyuram. Aldığımız məlumat bizə kifayət edir və məsələnin dərinliyinə gedə bilmirik. Bəlkə də həmin hadisəni törədən narkoman, alkoqolik, ruhi xəstə olub. Bəzən aqressiyanın qurbanı özü aqressiyanı provokasiya edir. Bu da nəzərdə alınmalıdır. Təbii ki, ölüm hadisəsini, cinayəti törədən günahkardır və cəzalandırılmalıdır. Ancaq öyrənilmir ki, bəlkə onu bu hala gətirən səbəblər var”.
Şərhlər
Sosial bölməsinin xəbərləri