Füzuli meydanı ləğv olunur
- 02.11.2016, 18:23,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərinin yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu işlər sırasında, hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulub.
“Azəravtoyol” ASC-dən APA-ya verilən xəbərə görə, bu layihə çərçivəsində 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı tədbirlər prezidentin sərəncamına əsasən aparılır. Aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Belə ki, “Füzuli meydanı” ləğv edilərək mövcud parkın və Füzuli küçəsinin Nərimanov prospektinə qədər uzadılaraq yeni prospektin yaradılması nəzərdə tutulub. Nəqliyyat vasitələri Nərimanov prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geri dönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər. Bundan başqa Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobusların hərəkəti üçün bir hərəkət zolağı ayrılacaq.
Dəyişikliklər Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairədə də baş tutacaq. Belə ki, İnşaatçılar prospekti ilə Bakıxanov küçəsinə doğru hərəkətdə olan nəqliyyat vasitələri üçün Dövlət Statistika Komitəsinin qarşısındakı dairəyə giriş məhdudlaşdırılacaq. Onların hərəkəti Nərimanov prospektinə yönəldiləcək. Nəqliyyat vasitələri prospektdə yeni yaradılacaq yol hissəsindən geri dönərək Abdulla Şaiq küçəsi ilə yenidən İnşaatçılar prospektinə çıxaraq həm geriyə, həm də düzünə hərəkətlərinə davam edə biləcəklər.
Hərəkətin normal təşkili üçün N. Nərimanov prospektində hərəkət birtərəfli olacaq. Əks istiqamət üzrə hərəkət Abdulla Şaiq küçəsi vasitəsi ilə təmin olunacaq. Sözügedən ərazidə dəyişikliklər həm Dövlət Statistika Komitəsinin qarşısındakı, həm də N. Nərimanovun heykəlinin yerləşdiyi dairələrə çatmamış geri dönməni təmin etmək üçün yeni yol hissələri salınacaq. Sadalanan ərazilərdə aparılan yenidən qurma işləri nəticəsində hərəkətin bu cür təşkil olunması hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və tıxacların aradan qaldırılması üçün hesablanıb.
Qeyd edək ki, Füzuli meydanının ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması çərçivəsində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 6.1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov prospektində aparılır. Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq əvvəllər 5-8 metr enində olan küçələr 2-3 metr enində səkilər də nəzərə alınaraq 15-23 metrə qədər genişləndiriləcək, müasir işıqlandırma sistemləri qurulacaq, bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda “cib”lik tikiləcək və müasir avtobus dayanacaqları qurulacaq.