“5 manata mükafat verənlər var” - Şou-biznesin saxta qəhrəmanları
- 03.11.2016, 14:42,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Artıq iki ay sonra ili başa vururuq. İlin sonunda ənənəvi olaraq şou dünyasının “ən yaxşı”larına mükafatlarının verilməsi üçün bir-birini təkrarlayan tədbirlər keçiriləcək.
Düzdür, Azərbaycanda təşkil olunan mükafatlandırma mərasimlərində “MTV awards”, “Grammy awards”dakı kimi qırmızı xalçalara, dəbdəbəli geyimlərə, möhtəşəm təqdimatlara rast gəlmək qeyri-mümkündür. Bütün bunlara baxmayaraq, son dövrlər sosial şəbəkənin əsas gündəmini yerli mükafatların təqdimatları zəbt edib.
“Ən yaxşı” adını qazanmağa çalışan məşhurlar pulla satılan titullara, müəyyən məbləğə təqdim edilən diplomlara daha çox meyillənməyə başlayıblar. Əksər müğənni, model, aktrisa-aktyorlar dələduzlara müraciət edərək saxta ad almaqdan belə çəkinmirlər. Bir neçə təşkilatçılar isə mükafatların beynəlxaq statuslu olduğunu, hətta lisenziyalı olduğunu iddia edirlər.
Elə noyabr ayında iki mükafatlandırma mərasimi ilə bağlı reklamlar mətbuat və sosial şəbəkələrdə yayımlanır. Biri “Number one”, digəri isə “Most Fashionable” beynəlxalq layihəsidir.
“Qafqazinfo” hər iki mərasimin təşkilatçıları ilə əlaqə saxlayıb. Onlardan mükafatların beynəlxalq statusunun olması, lisenziya, məşhurların hansı kriteriyalara görə qalib seçilməsi ilə maraqlanıb. Eyni zamanda, mükafatların pulla satılması məsələsinə də aydınlıq gətirib.
“Most Fashionable”nin Azərbaycan üzrə direktoru Aqil Məmiyev “Qafqazinfo”ya layihə ilə bağlı açıqlama verərək bildirib ki, məşhurlara pulla mükafat vermirlər:
““Most Fashionable Awards” beynəlxalq mükafatlandırılma mərasimi “World Beauty Congres”in layihəsidir. Lisenziyali formada, Azərbaycanla yanaşı digər ölkələrdə keçirilir. Mükafatlandırılma mərasiminin məqsədi, ölkənin və dünyanın ən yaxşı və ən dəbli tanınmış simalarını seçmək və reytinq cədvəli yaratmaqdır. Hazırda ölkəmizdə namizəd olmaq üçün qeydiyyat davam edir. Yalnız layihəyə uyğun gələn insanların və şirkətlərin namizədliyi qəbul olunur. Bizim mükafatlandırma mərasimində namizədlik üçün nə iştirak haqqı var, nə də mükafat ödənişli əsaslarla verilir”.
A.Məmiyev layihənin lisenziyasını və mükafatlandırmanın beynəlxalq oldUğunu sübuta yetirən sənədləri təqdim edib:
“Bəli, əlbəttə lisenziya var. Sizə təqdim edə bilərəm. “World Beauty Congress” verib və təşkilatımız 100-ə yaxın ölkədə faəliyyət göstərir.Mən həmin təşkilatın Qafqaz regionu üzrə direktoruyam”.
Dünyanın 8 ölkəsində keçirildiyi iddia edilən “Number One” mükafatlandırma mərasiminin təşkilatçısı Tural Ozan “Qafqazinfo”ya açıqlamasında ölkədə 5 manata mükafat alanların olduğunu söyləyib:
“4 ildir ki, Azərbaycanda mükafatlandırma mərasimi keçiririk. Beynəlxalq bir layihədir. Layihəmiz Türkiyədən alınıb. Hansı ki, bu bir şəbəkədir. Şəbəkə dünyanın bir çox mükafatlandırma mərasimini keçirir. “Grand” mükafatları mərasimi 2012-ci ildə bitdi, biz başladıq. O vaxtlar heç bir mükafatlandırma mərasimi yox idi. Mükafatlandırma mərasimi üçün heç bir lisenziya tələb olunmur. Yəni, hər kəs bunu keçirə bilər. Azərbaycana ilk dəfə qırmızı xalça formatını biz gətirmişik. Bizdə seçim gizli sorğular əsasında təşkil olunur.
Sorğu nüfuzlu, ictimai və şou dünyasının üzvləri arasında da keçirilir. 50 faiz sorğu nəticələri, 50 faiz isə onların uğurları, işləri nəzərə alınır, cəmlənir və seçim aparılır. Bizə heç kəs deyə bilməz ki, pulla mükafat veririk. Bəli, pulla mükafat almaq istəyənlər olub. Bizə göstəriş verənlər də var. Filankəs olmasın və s. Təbii ki, belə şeylərə icazə vermirik. Dələduzlar, “maşennik”lər bu sahəyə də gəliblər. Fəxri fərman satanlar var. Qonaqları hansısa bir qurumun adından çağırıblar. Həmin şəxslər o qurumun adına görə gəliblər. Azərbaycanda 5 manata mükafat verənlər var”.
Bu arada qeyd edək ki, biz müəyyən mükafatlandırma mərasimlərinin təşkilatçıları ilə əlaqə saxlaya bildik. Məlum oldu ki, şou-biznes təmsilçilərinin öyünərək saydıqları mükafatların çoxunun təşkilatçısı belə yoxdur. Mərasim bir dəfə keçirilir və müğənnilərə mükafatlar paylanır.
Ən pisi isə məşhur ulduzlar da bu yalançı mükafatlara layiq görülür və sevə-sevə bunu qəbul edirlər.