Sabah Bakıda hərbi paradın keçirilməsi ilə əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq və yolların hərəkət istiqamətləri dəyişdiriləcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytetnantı Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, hərbi paradla əlaqədar paytaxtın Azadlıq meydanı, Neftçilər prospekti və ona paralel Üzeyir Haçıbəyov, Zərifə Əliyeva küçələri ilə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamətlər dəyişdiriləcək.
V.Əsədov bildirib ki, Kövkəb Səfərəliyeva, R.Zorge, Puşkin, Azadlıq prospekti, Rəşid Behbudov, Bülbül, Rəsul Rza, Əziz Əliyev, Niyazi, Yusif Səfərov küçələrindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Afiyəddin Çəlilov küçəsi və Nobel prospekti kəsişməsindən Nəcəfqulu Rəfiyev küçəsindən keçməklə Xocalı, Babək prospektləri, 10-cu zavod dairəsi və digər istiqamətlərə, Yusif Səfərov və 28 May küçəsinin kəsişməsindən 28 May küçəsindən keçməklə Kövkəb Səfərəliyeva, Rəşid Behbudov və digər istiqamətlərə hərəkət istiqamətləri dəyişdiriləcək.
Bakı-Salyan yolunun 14-cü kilometliyindən, 3-cü kənar dairəvi yol ilə istənilən istiqamət üzrə, Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Teymur Elçin, Mehdi Hüseyn, Parlament və digər istiqamətlər üzrə, 20ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi, Mətbuat Prospekti və digər istiqamətlərə hərəkətin istiqaməti dəyişdirilir: "Bölgələrdən gələn avtomobil sürücülərinə bir daha müraciət edərək bildirilir ki, hərbi paradın keçirilməsi ilə Bibiheybət və Salyan şossesindən istifadə etməsinlər. Bakı 3-cü kənar dairəvi yol ilə hərəkətlərini davam etdirsinlər. Ən yaxşı halda isə tədbir başlayandan qurtarana qədər bu istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Ümumilikdə sabah hərbi paradın keçirildiyi ərazilərə yaxın məsafələrdə sıxlığın, tıxacların, yol qəza hadisələrinin yaranmaması üçün bir daha əhalinin, sürücülərin nəzərinə çatdırılır ki, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilsin".