Adi vətəndaş buna görə 800 manatadək mükafat alacaq

Azərbaycanda yaşıllıqların mühafizəsi sahəsində müxtəlif iqtisadi həvəsləndirmə tədbirləri tətbiq ediləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, yeni təsdiqlənən “Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası”nda öz əksini tapıb.

Yeni qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və onların tətbiqi mexanizmini müəyyən edir.

Qaydaya əsasən, yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları fəxri diplomlarla təltif edilmə, pul və ya xatirə hədiyyəsi ilə mükafatlandırılma, yaşıllıq salınması və bərpası məqsədi ilə su təminatını yaratma və əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin edilmə, yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsində layihələrin maliyyə mənbələrinin axtarılmasına dəstək verilmədir.

Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə yerli büdcələrin, ətraf mühitin mühafizəsi üzrə fondların, tikinti layihələrinin ekologiya bölmələrinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri və qrantları, beynəlxalq və yerli təşkilatların ayırmaları, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.

Yaşıllıqların mühafizə sahəsində iqtisadi həvəsləndirmə yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsinə maraq göstərən hüquqi şəxslərə, birbaşa bu işə cəlb olunmuş işçilərə və vətəndaşlara şamil olunur.

Yaşıllıqların bioloji inkişaf normalarının (faizlərinin) və mühafizəsinin qiymətləndirilməsi hər ilin sentyabr ayında həyata keçirilir. Mükafatlandırılma zamanı idarə, müəssisə və təşkilatlara - fəxri diplom və minimum əməkhaqqının 3-5 misli miqdarında birdəfəlik mükafat, birbaşa bu işə cəlb olunmuş işçilərə - aylıq vəzifə maaşının 1-2 misli miqdarında birdəfəlik mükafat, vətəndaşlara fəxri diplom və 400-800 manat məbləğində birdəfəlik mükafat veriləcək.

5 il müddətində ardıcıl olaraq həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsini, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsini həyata keçirənlərə - fəxri diplom və 1500 manat məbləğində birdəfəlik mükafat veriləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri