Rayonlardan paytaxta təcili yardım maşını ilə xəstə göndərilməsi qadağan edilib

Rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstələrin göndərilməsinə qadağa qoyulub.

Zaqatala rayonundan APA-ya daxil olan müraciətdə bildirilib ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasından xəstənin təcili yardım maşınları ilə Bakıya gətirilməsi müşkülə çevrilib. Belə ki, xəstənin yaxınları onu Bakıya gətirmək istəsə də, təcili yardım buna icazələrinin olmadığını deyib. Bildirilib ki, təcili yardım maşınlarında quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir. Belə olduğu halda, Bakıdan təcili yardım maşını göndərilməli, o xəstəni götürərək Bakıya qaytarmalıdır. Bundan əlavə, xəstə Bakıya aparılsa belə, onun özəl xəstəxanalara yerləşdirilməsinə icazə yoxdur. Xüsusi hallarda xəstə təcili yardım briqadaları vasitəsilə Bakıya gətirilərsə, onlar yalnız əvvəldən müəyyənləşdirilən bəzi xəstəxanalara yerləşdirilir. Bu qaydalar yalnız Zaqatalada deyil, digər şəhər və rayonlarda da tətbiq edilir.

Bəzi hallarda isə xəstəxanada profillər üzrə kadr çatışmır. Belə ki, bu məsələ günortadan sonra, növbətçilik zamanı daha qabarıq formada özünü göstərir. Məsələn, xəstəxanada müəyyən xəstəyə yardımın göstərilməsi üçün ixtisasa uyğun həkimlər olmur.

Təbii ki, istənilən halda xəstəyə vaxtında tibbi yardımın edilməməsi müəyyən problemlərə, hətta ölümə də səbəb ola bilər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri