ABŞ-ın yeni prezidenti kimdir? – BİOQRAFİYA
- 09.11.2016, 14:34,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da prezident seçkiləri gözlənilməz sonluqla yekunlaşıb.
Əsasən radikal çıxışları ilə yadda qalan milyarder Donald Tramp rəqibi Hillari Klintonu xeyli geridə qoyub və növbəti 4 il üçün dünyanın ən nəhəng ölkəsini idarə edəcək.
Bəs Donald Tramp prezidentlik kürsüsünədək necə irəliləyib və milyardları necə qazanıb?
D.Tramp 1946-cı ilin 14 iyununda Nyu-Yorkda dünyaya gəlib. Atası ev dəllalı olan Donald Tramp məktəb illərində heç də yaxşı şagird olmayıb, 1960-cı illərin əvvəlində liseydən qovulub. Daha sonra hərbi akademiyada oxuyub və 1968-ci ildə marketinqlə bağlı təhsil alıb.
İş həyatının ilk illərində D.Trampın bəxti gətirməyib. Təhsilini bitirdikdən sonra yaşayış evlərinin tikintisi ilə məşğul olan atasının yanında köməkçi olub.
D.Tramp ilk işinə böyük bir layihə ilə başlayıb. 1973-cü ildə Nyu-Yorkda 18 mərtəbəli, 290 mənzilli bir göydələn inşa etdirib.
“Big Deal” layihəsini 1975-ci ildə reallaşdırıb. 10 milyon dollara xaraba vəziyyətində olan “Commodore” otelini satın alıb və 80 milyon dollara başa gələn təmirdən sonra həmin oteli 5 il ərzində 1400-dən çox nömrəsi olan lüks bir otelə çevirib. 70-ci illərin ortalarında Nyu-York köhnə görkəmini sürətlə dəyişdiyi üçün şəhər bələdiyyəsi onun bu cəhdini müsbət qarşılayıb.
D.Trampın imza atdığı, şəhərin mənzərəsini dəyişdirən çoxlu sayda tikililərin siyahısına “Grand Hyatt” oteli də əlavə olunduqdan sonra, o qısa zamanda “Nyu-Yorku yeniləyən adam” kimi məşhurlaşıb.
1983-cü ildə D.Trampın reallaşdırdığı daha bir layihə - “Trump Towers” adlı lüks bina və əsasən varlılar üçün nəzərdə tutulmuş ticarət mərkəzi onun ən prestijli layihəsi olub. İllər sonra bu brend altında dünyanın əksər ölkələrində çoxmərtəbəli yaşayış və ofis binaları tikilib.
Növbəti iri layihələr 80-ci illərin sonunda reallaşıb. D.Tramp “Lufthansa” ilə birbaşa rəqabətə girərək 420 milyon dollara “Plaza” otelini satın alıb. Həmçinin öz hava yolları şirkətini qura bilmək məqsədiylə iflas etməkdə olan “Eastern Airlines” hava yollarının təyyarələrini - 37 ədəd “Boeing 727”-ni 350 milyon dollara satın alıb.
1990-cı ildə “Adantic City”də inşa etdirdiyi “Tac Mahal Otel-Kazino” ilə qumarxana işinə də girişib. Həmin vaxt 41 yaşındakı bu məşhur iş adamının sərvəti 4 milyard dollar civarında təxmin edilirdi.
Lakin bir il içində D.Trampın çöküşü başlayıb. "Forbes" jurnalı D.Trampın “təsəvvür edilə bilməyəcək həcmdə tikinti borclarından” bəhs edib. Tikinti kralı özünü çox çətinə salmışdı.
2005-ci ilin mayında onun biznesi “Tramp Əyləncə Şirkətləri Holding” olaraq yenidən yüksəlib. Hazırda dünyanın bir çox yerlərində “Trump Towers” otelləri, ofis binaları fəaliyyət göstərir. Təsadüfi deyil ki, “Tramp evləri” Türkiyə də daxil olmaqla, əksər müsəlman ölkələrində mövcuddur.
Donald Trampın şəxsi həyatı...
D.Tramp alman əsilli, amerikalı iş adamı Fridrix Trampın nəvəsidir. Amerikalı iş adamı Fred Trampın 5 uşağından biridir. Mariana, Fridrix, Elizabet, Robert adında 4 bacı-qardaşı var.
Donald Tramp 3 dəfə evlənib və bu evliliklərdən 3 oğlu, 2 qızı var. 1977-ci ildə atlet İvana Zelnixova ilə evlənib və Donald Tramp, İvanka Tramp və Eric Tramp adında 3 uşağı olub. 1991-ci ildə 16 illik həyat yoldaşından ayrılıb.
Boşandıqdan sonra 2 il televiziya aparıcısı Marla Mapleslə evli olub və cütlüyün Tiffani adında qızı doğulub. Cütlük 1996-ci ildə ayrılmaq qərarına gəlib. D.Tramp 2005-ci ildə dizayner və model olan Melani Knaus ilə evlənib. Bu evlilikdən 2006-ci ildə Barron Tramp adında bir oğlu dünyaya gəlib.
Donald Tramp seçki şüarı kimi “Make America Great Again” (Yenidən böyük Amerika yarat) şüarından istifadə edir. Oxşar şüarı 1980-ci ildə Ronald Reyqan da seçki kampaniyalarında istifadə etmişdi.
D.Tramp seçki vədlərini immiqrantlar, müsəlmanlar, təhlükəsizlik və İŞİD-lə mübarizə üzərində qurub. Onun ən populyar fikirlərindən biri də immiqrantların qarşısını almaq üçün ABŞ ilə Meksika sərhədinə bir divarın ucaldılmasıdır.
D.Trampın müsəlmanlarla bağlı fikirləri də ciddi reaksiyalar doğurub. Onun seçki kampaniyasındakı reklamlarında müsəlmanları hədəf alan ifadələr yer alıb. D.Trampın müsəlmanların müvəqqəti olaraq ABŞ-a girişinin qarşısının alınması ilə bağlı çıxışı da böyük reaksiya doğurub.
Lent.az