Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarə olunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.
Təlimlər zamanı qoşunların döyüşə tam hazırlıq vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunacaq. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə ediləcək.