Gənclər Evinin açılış mərasimi keçirilib

Çərşənbə günü Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) yeni ofisinin - Gənclər Evinin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, açılış mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, son zamanlar Milli Şuranın tərkibində 104 təşkilat birləşib.

"Düşünürük ki, yaxın zamanda bu sıra daha da genişlənəcək, ölkənin bütün gənclər təşkilatları bu təşkilatda birləşəcəklər", - o deyib.

Onun sözlərinə görə, siyasi, iqtisadi, sosial mövqeyindən asılı olmayaraq AGTMŞ Azərbaycan gəncliyini təmsil edir, Azərbaycan gəncliyinin ən yaxşı nümayəndələrini də öz sırasında birləşdirməlidir. Onun sözlərinə görə, Gənclər Evi gənclərin təlim, informasiya almaları, yeni təşəbbüslərlə çıxış edəcəyi mərkəzə çevriləcək. "Azərbaycan gəncliyi dövlət tərəfindən ona göstərilən qayğının cavabını öz fəaliyyəti ilə verəcək, Azərbaycan dövlətinə, milli mənəvi dəyərlərinə sahib çıxacaq". - Həsənov deyib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində müxtəlif bölgələrdə Gənclər evlərinin açılması nəzərdə tutulub. O qeyd edib ki, gənclər Gənclər Evində çox funksional fəaliyyət göstərəcəklər. "Azərbaycanda bu cür resurs mərkəzlərinin yaradılması zəruridir və bu proses davam edəcək. Bu məkanlar gənclərin inkişafına tövhəsini verəcək",- Babayev deyib.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə bildirib ki, Gənclər Evi bu istiqamətdə fəaliyyət göstərən təşkilatların aktivliyinin artırılması, yaradılmış imkanlar vasitəsi ilə təşəbbüslərin dəstəklənməsi, bilik və bacarıqların inkişaf etditrilməsi məqsədi ilə yaradılıb. Gənclər təşkilatlarının inkişaf etdirilməsi məqsədi ilə Gənclər Evində kitabxana, təlim və görüş otaqları, təcrübə proqramı, PR və təşkilatı dəstək, tərəfdaşlıq kimi proseslərin həyata keçirilməsi üçün otaqlar hazırlanıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri