Siqareti tərgitmək üçün yaradılan kabinetə müraciət edənlər arasında 15 yaşlı uşaq da var
- 15.11.2016, 18:01,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda ilk dəfə olaraq, yaradılan tütündən imtina üzrə kabinetə siqareti tərgitmək üçün daha çox yaşı 25-dən 65-dək olan və 5 ildən çox siqaret çəkənlər müraciət edirlər.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün yaradılan tütündən imtina üzrə tibbi məsləhət kabinetinin həkim-konsultantı Şəhla Mirzəzadə Trend-ə bildirib ki, tütündən imtina üzrə tibbi məsləhət kabineti və kabinetin “Qaynar xətt”i (012 530 32 43) noyabrın 1-dən fəaliyyətə başlayıb. O qeyd edib ki, kabinet “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq yaradılıb.
Ş.Mirzəzadə deyib ki, iki ay davam edəcək layihə çərçivəsində tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslərə professional tibbi yardım göstərilir və psixoloji məsləhətlər verilir:
“Xidmətlər ödənişsizdir. Müraciət edən pasientlər müvafiq testlərdən keçirilir, onların siqaretdən istifadəsi ilə bağlı məlumatlar, yanaşı xəstəliklərinin olması öyrənilir. Sonra isə həmin şəxsin tütündən hansı yolla imtina etməsi ilə bağlı qrafik hazırlanır”.
Layihəyə insanların çox böyük maraq göstərdiyini və kabinetin xidmətlərindən istifadə üçün müraciət edənlərin sayının çox olduğunu deyən Ş.Mirzəzadə indiyədək ümumilikdə təxminən 70 nəfərin müraciət etdiyini söyləyib: “Həm kabinetə, həm də kabinetin “Qaynar xətt”inə (012 530 32 43) müraciət edənlərin sayı çoxdur: “İnsanlar “Qaynar xətt”ə zəng vuraraq onları maraqlandıran məsələləri öyrənirlər. Uzaqdan zəng edən adamlarla ya mütəmadi olaraq, telefonla əlaqə saxlayırıq, ya da ki, onlar özləri Bakıya gəlirlər”.
Ş.Mirzəzadə bildirib ki, artıq kabinetə müraciət edənlər arasında siqareti 7-10 əvvəl tərgidənlər də var.
Kabinetə müraciət edənlər arasında 35-40 il ərzində siqaret çəkən pasientlərin də olduğunu deyən Ş.Mirzəzadə qeyd edib ki, onların da arasında artıq siqareti tərgidənlər var.
Həkim-konsultantın sözlərinə görə, müraciət edənlərin arasında ən azyaşlı şəxs 15 yaşlı oğlan uşağı olub. Həmin uşağı kabinetə valideyni gətirib.
Siqareti tərgitmək istəyənlərin hamısının kişi olduğunu deyən Ş.Mirzəzadə bildirib ki, yalnız 2 qadın məsləhət almaq üçün telefonla anonim şəkildə müraciət edib, amma kabinetə gəlməyib: “Qalan qadınlar isə ya həyat yoldaşlarına, ya da oğullarına görə zəng edərək onların siqareti tərgitməsinə kömək istəyirlər. Müraciət edən kişilərin əksəriyyətinin demək olar ki, yarısı ailə üzvlərinin təkidi ilə kabinetə gəlib. Biz onlarla müəyyən söhbət etdikdən sonra onlar buna razı olurlar. Elə kişilər də olur ki, onlar özləri siqaret çəkməkdən bezdiklərini deyərək bizə müraciət ediblər”.