Azərbaycanda yeni tipli məktəblər yaradılır

Azərbaycanda tezliklə yeni tipli məktəblərin quraşdırılımasına başlanılacaq.

Live.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, ilk dəfə olaraq, Lerikin Qələbin, İsmayıllının Yenikənd kənd ümumi orta məktəbləri, Saatlının Mircəlal, Yardımlının Avur, Lənkəranın Təngivan kənd ibtidai məktəbi modul tipli məktəblərlə əvəz olunacaq.

Yeni məktəblərin qısa zaman ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır.

Nazirlikdən əlavə edilib ki, hazırda Azərbaycanda təmirə ehtiyacı olan 650-yə yaxın məktəb var. Bunlar ən çox Cəlilabad, Şəki, Qusar, Quba, Şamaxı ərazisinə düşür.
Şərhlər
Sosial bölməsinin xəbərləri