Azərbaycan prezidenti övladlarının gələcəkdə siyasətlə məşğul olub-olmayacaqlarına münasibət bildirib

“Övladlarım mədəni və sosial məsələlərdə çox fəaldırlar”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşü zamanı bəyan edib.

Övladlarının gələcəkdə siyasətlə məşğul olub-olmayacaqlarına dair Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, İsveçin “TT” agentliyinin baş icraçı direktoru Yonas Olof Eriksonun sualını cavablandıran dövlət başçısı bildirib ki, bu, onların istək və planlarından asılıdır.

“Düşünürəm ki, hələ onlar öz fəaliyyətindən razıdırlar. Yeri gəlmişkən, onların ikisi, həmçinin media ilə də bağlıdır. Böyük qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən “Baku” jurnalının baş redaktorudur. Jurnal iki dildə - ingilis və rus dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz. Mənim ikinci qızım da jurnalistika ilə bağlı məsələlərlə məşğuldur. O, jurnalist təhsili alıb. O, Azərbaycanın zəngin tarixə malik olan müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər üzərində çalışır və digər tədbirlərdə iştirak edir. Mənim oğlum tələbədir. Onun gələcək seçimi onun özündən asılıdır. O, Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq”, - deyə o vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri